Vaxt.Az

Qlobal təsir gücünü artırmaq


 

Azərbaycan ilə Çinin hərtərəfli strateji tərəfdaşlığı nə vəd edir?

Qlobal təsir gücünü artırmaq Aprelin 23-də Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalayıblar. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində imzalanan sənəd həm əhatə dairəsinə, həm də iqtisadi, siyasi əhəmiyyətinə görə xüsusi çəkiyə malikdir. Azərbaycanla Çin arasında davam edən dostluq münasibətləri bu sənədlə daha da möhkəmlənəcək və hərtərəfli strateji tərəfdaşlıq müstəvisində yeni pilləyə qədəm qoyacaq.

Bəyanata diqqət etdikdə, görürük ki, fövqəldövlət və dünya səhnəsində mühüm oyunçu, təsir gücünə malik olan Çin Azərbaycanla əməkdaşlığa yalnız iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi kimi deyil, eyni zamanda regional və qlobal müstəvidə əməkdaşlığı gücləndirmək prizmasından yanaşır. Bu isə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi, Çin kimi qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafının xüsusi önəm daşımasının bir daha təsdiqidir.

Pekində imzalanan bu tarixi sənəddə konkret nələr yer alıb?

O yer alıb ki, hər iki ölkə bir-birini etibarlı və strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiqləyır, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdil qərar verir. Eyni zamanda tərəflər ölkələrinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasında bir-birinə dəstək verdiklərini qətiyyətlə vurğulayırlar. Sənəddə habelə daha yüksək səviyyəli, yüksək dayanıqlı və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılıq ifadə olunub.

Sənəddə Azərbaycanın COP29-u uğurla təşkil etməsi ayrıca qeyd olunub, iki ölkənin qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəkləri ifadə edilib.

Çinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tezliklə üzv olmasına dəstəklərinin yer aldığı bəyanatda tərəflər BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan başlıca normalarının qorunmasına səy göstərdiklərini, hegemonluğa və güc siyasətinə qarşı çıxdıqlarını, ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə çıxış etdiklərini, yeni beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılmasına səy göstərdiklərini bəyan ediblər.

Bəyanatda, habelə Azərbaycan və Çin tərəfindən qarşılıqlı olaraq ölkələrin irəli sürdükləri qlobal təşəbbüslərə dəstək vurğulanıb, o cümlədən Çin ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasını dəstəkləyib.

Kənd təsərrüfatı, sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını bəyan edən Azərbaycan ilə Çin neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrinin kommersiya əsaslı əməkdaşlığının möhkəmləndirilməsi və genişləndirilməsini dəstəkləyiblər.

İki ölkənin enerji, nəqliyyat sahəsində əməkdaşlığının yüksək qiymətləndirildiyi və logistika, daşınmaların səmərəliliyinin artırılmasına dəstəyin yer aldığı bəyanatda Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişə diqqət çəkilib. Bildirilib ki, Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin, yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılması və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.

Bəyanatda elmi-tədqiqat müəssisələri və elm adamlarının qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqatlar aparması, tələbə mübadiləsini davam etdirməsi, Azərbaycan və Çin dillərinin tədrisinin təşviqi, müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılıq da yer alıb.

Böyük siyasi, iqtisadi əhəmiyyətə malik sənəddə tərəflər həmçinin mədəni, turizm, səhiyyə, idman, kinematoqrafiya və televiziya sahələrində əməkdaşlığı genişləndirəcəklərini bildiriblər. Eyni zamanda, ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılması və imzalanması alqışlanıb.

Bundan başqa, iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıq, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq, humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Göründüyü kimi, bəyanat iqtisadi və ticarət sahələrini deyil, həm də siyasi, mədəni, hərbi, elmi və texnoloji sahələri əhatə edir. Pekində bu bəyanatla yanaşı, hökumətlərin imzaladığı 20-dən çox sənəd, o cümlədən Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi barədə saziş strateji tərəfdaşlıq münasibətlərinə, qlobal səviyyədə sülhə, sabitliyə və inkişafa, tarixi İpək yoluna yeni nəfəs gətirəcək. Strateji tərəfdaşlıq Azərbaycan ilə Çinin regional və qlobal səviyyədəki maraqlarını gücləndirməyi, mövcud olan əlaqələri daha da dərinləşdirməyi, hər iki ölkənin qlobal təsir gücünü artırmağı vəd edir.

 





23.04.2025    çap et  çap et