Bu görüşdə də çox açıq fikir mübadiləsi oldu, Mərkəzi Bankın bir çox məsələlərlə bağlı mövqeyini birbaşa qurumun rəhbərindən eşitdik, suallarımızı verdik, razı olmadığımız məqamları bildirdik.
Görüşlə bağlı uzun-uzadı yazmaq istəmirəm, amma Taleh müəllimin söhbət zamanı bir neçə dəfə, “MB inzibati alətlərdən istifadə etmək istəmir, səlahiyyətləri çərçivəsində iqtisadi alətlərə üstünlük verir”, fikrini bəyəndim. Dövlət qurumu olan MB-ın belə yanaşmasını hökumət qurumları da mənimsəsə, yaxşı olar.
MB iqtisadi alətlərlə bazara müdaxilə edib gözlədiyi reaksiyanı ala bilmir, çünki hökumət orqanları bazar iqtisadiyyatı məntiqi ilə davranmağı unudublar, onların əsas aləti inzibati müdaxilələr, sərt tənzimləmə mexanizmlərinin tətbiqidir. Bu gün AB ölkələrində iqtisadi geriləmənin əsas səbəblərindən biri “over regulation”, aşırı tənzimləmədir. ABŞ-a və Çinə həm də buna görə uduzurlar.
Şəxsən mənim qaldırdığım bir neçə məsələ oldu:
1. MB-ın həftəlik valyuta hərracları nəticələrinin 1 aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayyət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, bəli, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir, amma, düşünürəm ki, həftədə 2 hərrac haqında hər yeni həftənin 1-ci günü ümumi məlumat dərc olunsa, yaxşı olar.
2. Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdım, yeni, doğru yanaşmadır, amma, problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banklara yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür.
3. Ölkədə vətəndaşların arasında xarici birjalarda qiymətli kağızların alqı-satqısı getdikcə populyarlaşır, amma bu fəaliyyətin vergi ayağı doğru tənzimlənmir, vergi insanlara problem yaradır, buna görə də, bizim treyderlər xarici banklara üz tutub onların “online” bankçılığı platformalarından istifadəyə üstünlük verirlər.
4. Taleh müəllim ölkədə cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu dedi – bu ölkəmiz üçün çox kiçik rəqəmdir, amma bu nəticədir, səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olması və insanların rəsmi rəqəmlərin yaxşı göstərilməsinə rəğmən daha kasıb olmasıdır.
Bank kredit faizlərinin yüksək olması, manatın gələcəyi də müzakirə olundu, aldığımız siqnal belədir ki, nə MB, nə də hökumət yaxın-orta vədədə manatın məzənnəsinin dəyişməsini istəmir, inzibati-sabit məzənnə rejimini saxlamağı düşünürlər...