Nəşr bu xəbəri nə mənbəyə əsaslandırıb, nə də rəsmi açıqlama almağa cəhd edib. Əvəzində, təsdiqlənməmiş informasiyanı müxtəlif platformalarda geniş şəkildə yaymağı kifayət bilib.
İşin maraqlı tərəfi isə odur ki, tam da bu vaxt – yəni İran prezidentliyinə yeni seçilmiş və azərbaycanlı kimliyini açıq şəkildə ifadə edən Pezeşkianın Azərbaycana səfəri üçün geniş hazırlıqların getdiyi, tərkibində 120-dən çox vəzifəli şəxsin, millət vəkili və iş adamlarının olduğu nümayəndə heyətinin gözlənildiyi bir dönəmdə – Netanyahu haqqında belə bir xəbər ortaya atılır.
Bu informasiyanın ardından isə İranın bəzi dairələrində və xüsusilə Ermənistan KİV-lərində fərqli təhlillər yayıldı. Səfərin “məqsədləri” və “İrana qarşı planlar” barədə iddialar səsləndirildi.
Təbii ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır. İki ölkə arasında dövlətlər səviyyəsində olduğu kimi, xalqlar arasında da qarşılıqlı etimad və hörmət formalaşıb. Amma Azərbaycanın xarici siyasəti heç bir strateji tərəfdaş naminə yox, yalnız öz milli maraqları çərçivəsində qurulur. Bu baxımdan, İranla münasibətlərin son vaxtlar istiləşməsi və Pezeşkian hökuməti ilə əlaqələrin genişlənməsi, ölkəmizin maraqları ilə tam uyğunluq təşkil edir.
İsrail tərəfi isə, şübhəsiz ki, İranla Azərbaycan arasında əlaqələrin güclənməsindən narahatdır və bu prosesləri diqqətlə izləyir. Tel-Əviv üçün bu yaxınlaşmanın qarşısını almaq müəyyən mənada prioritetə çevrilə bilər.
Belə bir şəraitdə “Netanyahunun Azərbaycana səfəri” barədə yayılan xəbər, daha çox informasiya müharibəsinin bir hissəsi kimi görünür. Məqsəd, İran ictimaiyyətində Azərbaycanın İsraillə yaxın əlaqələrini ön plana çıxarmaq və Pezeşkianın səfəri ərəfəsində bəzi radikal çevrələrdə Azərbaycan əleyhinə ittihamların artmasına zəmin yaratmaqdır.
Erməni mediasının bu xəbəri dərhal mənimsəyərək təhlillərə girişməsi də təsadüfi deyil və ümumi oyunun bir hissəsi kimi dəyərləndirilə bilər.