Vaxt.Az

Strateji müttəfiqliyin dividentləri


 

Logisitka, nəqliyyat qovşaqları və Avropaya yük daşıma prioritetdir

Strateji müttəfiqliyin dividentləri Prezident İlham Əliyevin Çinə dövlət səfəri bu gün dünyada baş verən mürəkkəb siyasi münasibətlərin fonunda mühüm mesajlarını daşıyır.

Ölkəmizin Çinlə əlaqələri son 30 ildə sabit olub.

Azərbaycanın “Səma İmperiyası” ilə tarixi bağları qədim “İpək yolu”dan bu yana tarixin səhifələrində öz izini saxlayır.

Bu gün sürətlə dəyişən beynəlxalq münasibətlərdə Çinlə strateji müttəfiqlik Azərbaycana bir çox parametrlər üzrə divident gətirəcək.

Səfər zamanı imzalanmış sənədlər əməkdaşlığın hüdudlarını açıq göstərir: Bu, artıq iki dövlətin sadəcə təmas saxlaması üçün imzaladığı sənədlər deyil, iki müttəfiqin dövrün çağırışlarına birgə cavabıdır.

Çinin Cənubi Qafqazda maraqları daha çox iqtisadidir. Burada logisitka, nəqliyyat qovşaqları və Avropaya yük daşıma prioritetdir.

Təsadüfi deyil ki, 2024-cü ildə Çin və Azərbaycan arasında imzalanmış Strateji Əməkdaşlıq haqqında birgə Bəyannamədə bütün bu niyyətlər aydın əks olunub.

Pekin Bakı üçün mühüm əhəmiyyət daşıyan Orta Dəhlizə tam dəstəyini ifadə edib. Bu, Avropada bir sıra dairələrin Ermənistanı logistika mərkəzi kimi önə çıxarmaq cəhdlərini bloklayır.

Bu baxımdan Çinin “Orta Dəhliz” üçün milyardlıq investisiya layihələri regionda yeni “oyun qaydaları”nı tətbiq etməyə can atanlara ciddi zərbə olacaq. Bu, həmçinin Ermənistanla sülh sazişini siyasi qazanclarına çevirmək istəyən  Fransa kimi ölkələri siyasi prioritetlərinə yenidən baxmağa vadar edir.

Regionda dünya idarəçilərindən sayılan Çinlə strateji müttəfiqlik Azərbaycan üçün böyük siyasi uğurdur. Pekin sərhədlərin dəyişdirilməsi, separatçılıq, ölkələrin daxili işlərinə qarışmağın sərt şəkildə əleyhinədir. 

Burada Çinin “bir qurşaq, bir yol” layihəsi açar məsələdir. Çin Avropaya logistika qovşağının qurulması üçün Cənubi Qafqazın quru yollarına böyük sərmayə qoymağa hazırdır.

Azərbaycanın neft sahəsinə, “yaşıl enerji”, qeyri-neft sektoruna Çin şirkətlərinin pulları axmağa başlayacaq. Hazırkı post müharibə dövründə yeni iqtisadi çağırışlar üçün belə sərmayələr çox lazımlıdır.

Çinlə strateji müttəfiqlik bölgədə marağı olan ətraf dövlətlərin balanslı yanaşmasını təmin edəcək, Bakıya Asiyadan Avropaya uzanan mühüm logistika mərkəzi kimi meydan verəcək.

 





24.04.2025    çap et  çap et