Vaxt.Az

«Müxalifətdə də agent var»


 

«Hakimiyyətdə ən yüksək səviyyələrdə təmsil olunan DTK-çıların siyahısını şəxsən prezidentə təqdim etmişdim»

«Müxalifətdə də agent var» Mətbuatda keçmiş SSRİ dövründəki Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) arxivlərinin, eyni zamanda DTK agentlərinin siyahısının açılıb-açılmaması ilə bağlı fikirlər yenidən gündəmə gəlib. Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə gündəmə gələn «KQB arxivləri» mövzusu ilə bağlı birmənalı fikir olmayıb. Bəzilərinə görə, sovet dövründə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş şəxslərin adları ictimaiyyətə açıqlanmalı, cəmiyyət keçmiş agentlər haqda xəbər tutmalıdır. Bu üsuldan Baltikyanı ölkələr istifadə edib. Ancaq bu arqumentə qarşı olan və agentlərin adlarının açıqlanmasının cəmiyyətdə düşmənçilik yaradacağı, eyni zamanda xüsusi xidmətlərə olan etibarı sarsıdacağını iddia edirlər.

«Azadlıq» qəzetinin son saylarında 1992-ci ilin oktyabrında AXC İcraiyyə Komitəsinin təşəbbüsü ilə parlamentdə bu məsələnin müzakirəsi və siyasilərin münasibətlərini əks etdirən məqalələr dərc olunur.

AXC hakimiyyəti zamanında milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər «Yeni Müsavat»a bu mövzuda açıqlamasında bildirib ki, həqiqətən də o dövrdə bu məsələ ilə bağlı müzakirələr keçirilib. Həm ölkənin siyasi rəhbərliyi, həm Milli Məclis, həm də Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyində DTK arxivinin, agenturasının açılıb-açılmaması məsələsi müzakirə edilib: «Müzakirələrdə müxtəlif yanaşmalar, baxışlar olub. MTN-nin yanaşması, o cümlədən şəxsən mənim yanaşmam ondan ibarət olub ki, Azərbaycan müharibə vəziyyətindədir, MTN milli dövlət quruculuğu siyasətinə uyğun yenidən qurulur. Onsuz da SSRİ dağılandan, xalq hərəkatı başladıqdan sonra MTN-in agentura şəbəkəsi həddən artıq qorxmuşdu və çox zəif işləyirdi, operativ şərait də çox mürəkkəb idi. Həmin dövrdə bu müzakirələrin özü belə agentura əməliyyatı işinə mənfi təsir göstərirdi. Bu, obyektiv vəziyyət idi. Mənim yanaşmam bundan ibarət idi və o cümlədən müzakirələrdə də belə bir fikir səslənirdi ki, xalq hərəkatında iştirak edib eyni zamanda DTK ilə əməkdaşlıq edənlər varsa, onların adları açıqlansın. 

Mənim əsas üzərində durduğum məsələ isə zamanında SSRİ DTK-sı ilə əməkdaşlıq etmiş və bu gün də hakimiyyətdə təmsil olunanların ilk növbədə hakimiyyətdən kənarlaşdırılması, təmizlənmə aparılması idi. Ümumi yanaşmam isə ondan ibarət idi ki, həmin dövrdə həm MTN haqqında qanun hazırlanırdı, bizim tələbimiz ondan ibarət idi ki, eyni zamanda arxivlər, dövlət sirri, hərbi sirlər, xidməti sirlər haqqında qanun qəbul olunsun. Eyni zamanda Milli Məclis bu məsələyə selektiv yanaşsın. Yəni arxivin agenturaya aid olan hissəsinin hansı hissəsi açıla bilər, bu müəyyən olunsun. Çünki həmin dövrdə müxtəlif adamlar və qruplar məsələyə şəxsi və qrup marağından yaxınlaşırdılar, bu məsələdən öz rəqiblərinə qarşı istifadə etməyə cəhdlər də var idi. Müzakirələr gedirdi və qeyd etdiyim qanunlar qəbul olunduqdan sonra arxivin bir hissəsinin açılmasının tərəfdarı idik. Amma hakimiyyət cəmi bir il çəkdi. Hakimiyyət devrilməsəydi, bu qanunların qəbulundan sonra biz DTK arxivinin böyük bir hissəsini açmaq niyyətindəydik. Hansı ki, söhbət agenturadan getmirdi. MTN-in arxivində çoxlu materiallar var. Agenturaya aid olan hissəsini isə dediyim kimi, o qanunların qəbulundan sonra Milli Məclisin qərarına uyğun olaraq hansı bölməsi açılacaqdısa, müstəqil komissiya yaradılmalıydı və həmin komissiya arxivdə işləməliydi. O dövrdə mənim yanaşmam bundan ibarət olub».   

DTK arxivlərinin, agentura şəbəkəsinin açılması məsələsinə ölkə prezidenti Əbülfəz Elçibəyin mövqeyinin necə olduğuna gəlincə, sabiq nazir müavini dedi ki, prezident ümumiyyətlə arxivlərin açılmasının əleyhinəydi: «O dövrdə ölkə daxilində vəziyyət çox mürəkkəb idi. Həmin dövrü indi bir çox insanlar təsəvvür edə bilmir. Bir tərəfdən yenicə müstəqillik əldə edilmişdi, bir tərəfdən müharibə gedirdi, o biri tərəfdən Azərbaycana dost olmayan dövlətlər ölkə daxilində ictimai-siyasi sabitliyi pozmaq üçün aktiv kəşfiyyat-təxribat işləri aparırdı. Belə bir dövrdə DTK arxivlərinin açılması, yeni müzakirələrin açılması onsuz da zəifləmiş agentura-əməliyyat işinə çox ciddi təsir göstərə bilərdi. Dövlət başçısı da bunları nəzərə alırdı. Eyni zamanda onu da qeyd edim ki, həm milli azadlıq hərəkatında, həm də hakimiyyətdə çox ciddi postlarda vaxtilə DTK ilə əməkdaşlıq etmiş şəxslər çalışırdılar. Həmin şəxslərin birdən-birə hamısının hakimiyyətdən uzaqlaşdırılması ölkədə onsuz da mürəkkəb olan ictimai-siyasi sabitliyin pozulmasına, kəskinləşməsinə gətirib çıxara bilərdi. Görünür, prezident də bunu düşünərək arxivin açılmasının əleyhinəydi. Hakimiyyətdə təmsil olunan keçmiş DTK agentlərinin sayı çox idi. Mən ilk növbədə də ən yüksək səviyyələrdə hakimiyyətdə təmsil olunanların siyahısını şəxsən cənab prezidentə təqdim etmişdim».

«Həmin siyahıda olan adamların sırasında bu gün də siyasətdə olanlar, hakimiyyət və müxalifət düşərgəsində təmsil olunanları varmı» sualına S.Əkbər belə cavab verdi: «Var. Hakimiyyətdə də, ümumi müxalifət düşərgəsində də olanlar var. Eyni zamanda silahlı qüvvələrdə, hüquq-mühafizə orqanlarında, hərbi-sənaye kompleksində çalışanlar var. Ancaq xahişim edirəm ad çəkməyimi istəməyin. Bundan artıq açıqlama verə bilmərəm».

«Azərbaycanın müstəqillik əldə etməsindən 23 ilə yaxın vaxt keçir və bu müddətdə MTN də inkişaf yolu keçib, müstəqilliyin ilk illərindəki sadaladığınız o problemlər demək olar ki, artıq yoxdur. Artıq keçmiş DTK arxivlərini, agentlərini açıqlamaq olarmı» sualını isə keçmiş nazir müavini belə cavablandırdı: «Bəlkə də mən həmin nazirlikdə rəhbər vəzifədə çalışdığıma və artıq müəyyən məlumatlara malik olduğuma görə şəxsən məndə buna ehtiyac yoxdur. 

Amma sadə vətəndaşlar təbii ki, DTK kimi ölkənin ictimai-siyasi həyatında mənfi rol oynamış bir təşkilatla əməkdaşlıq edən şəxslərin, xüsusən Azərbaycan elitasında, milli azadlıq hərəkatında təmsil olunanların kimliyini bilmək istəyir. Amma bu, çox incə məsələdir. Artıq «Arxivlər və sirlər haqqında» Qanun var. Qanunvericilik bazasını bir qədər təkmilləşdirib, dəqiqləşdirib arxivlərin böyük bir hissəsini açmaq olar. İnsanlara elə gəlir ki, o arxivlərdə təkcə agentlərin şəxsi işləri var. Arxivlərdə çoxlu tarixi materiallar var. Ən azı tarixçilərin, elmi tədqiqatçıların üzünə açılmalıdır. Bir hissəsi isə çap olunmalı və internetdə də yerləşdirilməlidir ki, hər kəs araşdırmalarında bundan istifadə eləsinlər. Yəni arxivin bir hissəsi tam açılmalıdır, bir hissəsi isə MTN-in razılığı ilə elmi araşdırmalar üçün açılmalıdır. İnsanları əsas maraqlandıran agenturaya aid olan hissədir. Vaxtilə DTK ilə əməkdaşlıq etmiş və bu gün həyatda olmayan insanlar var.

Deyək ki, onların adı açıqlandı. Onların ailələri, övladları var və həmin insanların nə SSRİ, nə Azərbaycan SSRİ DTK-sı heç bir məxfi əməkdaşlığı olmayıb, bu gün də cəmiyyətdə çox nüfuzlu yerlər tuturlar. Bəs bu cür insanların vəziyyəti necə olacaq? Yəni bu məsələnin çox ictimai-siyasi, etik, sosial, mədəni tərəfləri var. Ona görə də, məncə, DTK agenturası açılacaqsa da çox ciddi müzakirələr getməlidir, sonra bir qərar verilməlidir. Amma mən bu fikirlə razıyam ki, cəmiyyətdə təmizlənməyə ehtiyac var. Elə mühüm sahələr var ki, SSRİ DTK-sı ilə əməkdaşlıq etmiş şəxslər işləməMəlidir, uzaqlaşdırılmalıdırlar. Belə şəxslərə bir müddət siyasətlə məşğul olmaq qadağası qoyula bilər».

 





22.04.2014    çap et  çap et