Ola bilər, Şərq fəlsəfəsi, Orta əsr xristian fəlsəfəsi doludur dindar filosoflarla. Gördükləri işin adına da “dini fəlsəfə” adı qoyublar.
Filosof suallarına dində cavab tapa bilər. Dinin cavablarında həqiqəti və hikməti tapan, tapınan adam artıq filosof deyildir. O, artıq həqiqəti dində tapmış xalis bir dindardır.
Fəlsəfi düşüncənin qaynağı şübhədir, sual vermək marağı bu şübhədən yaranır. Fəlsəfə hazır cavablar axtarırsa, bu, fəlsəfə deyil, imandır, etiqaddır.
Şübhə etməyən fəlsəfənin özü də şübhəlidir. Fəlsəfəyə üz tutan insanın məqsədi bilməkdir, dinə tapınan insanın məqsədi inanmaq.
İman şübhə etməyən fəlsəfi dünyagörüşüdür.
Fəlsəfə şübhədən başlayır, din inamdan.
Fəlsəfə suallar dünyasıdır, din cavablar. Fəlsəfi yol hikmətə aparır, dini yol imana. Hikmətlə iman eyni şey deyil. İmanda, məsələn, yumora yer yoxdur.
Fəlsəfi suallar sizi allaha aparıb çıxarıbsa, filosofluq bitmişdir. Çünki şübhəyə yer qalmayıb. Tanrı anlayışı bütün cavabların küliyyatıdır.
Filosof allahdan danışırsa, deməli, onu satmaq üçün müştəri axtarır.
Karl Yaspersə görə, fəlsəfə sualları cavablarından daha dərin olan bir hikmət elmidir. Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir.
Əgər filosof peyğəmbərlərin dediyini deyirsə, onun fəlsəfəsinə nə ehtiyac var?
Şərq fəlsəfəsi şeir və mifologiya ilə qarışmış, adət-ənənələrə, məsəllərə çox yer vermişdir. Fəlsəfənin ən fərqli özəllikləri olan azad və tənqidi düşüncəyə Şərq fəlsəfəsində çox az rast gəlinir.
Allah fəlsəfənin tabutudur!
Bir filosof dindən, imandan, allahdan danışırsa, o, artıq filosof kimi ölüb, kahin kimi dirilib deməkdir.
Fəlsəfədə müqəddəs olan sualdır, cavab deyil.
Vaxt tapdıqca mövzuya qayıdacağam.