2019-cu ildə Hindistanın hakimiyyətə gələn hindu millətçi Bharatiya Janata Partiyası (BJP) Kəşmirə verilmiş xüsusi muxtariyyəti ləğv etməklə vəziyyəti radikal şəkildə dəyişdi. Bu qərar bölgənin müsəlman əhalisini “ikinci dərəcəli insanlar” statusuna salmaqla yanaşı, Kəşmir torpaqlarının qeyri-müsəlmanlara satılmasına da yaşıl işıq yandırdı. Tarazlıq pozuldu, müqavimət artdı.
Elə həmin il yaranan “Müqavimət Cəbhəsi” (The Resistance Front – TRF) özünü bu siyasətə qarşı yerli cavab olaraq təqdim etdi. Təşkilatın əsas hədəfi sadə və aydındır: Hindistan hökumətinin "turizm vasitəsilə inteqrasiya" planlarını sabotaj etmək, dinc mühiti terrorla sarsıtmaq və bununla da Delhi rəhbərliyinin uğursuzluğunu ifşa etmək.
Hindistanın İslamabadı terrora dəstəkdə ittiham etməsi yeni deyil. Lakin bu izah həddindən artıq sadələşdirilmiş və vəziyyəti dərk etmək üçün yetərsizdir. Pakistanın keçmişdə bu tip qruplaşmaları dəstəklədiyi doğrudur, lakin bu gün İslamabadın özü ciddi daxili siyasi, iqtisadi və hərbi xaosla üzləşib. Ölkədəki ekstremist qrupların hamısının dövlət nəzarətində olduğunu düşünmək — Cənubi Asiyanın reallıqlarından tamamilə uzaq bir xülyadır.
Daha təhlükəlisi isə odur ki, Hindistanın son illərdəki radikal siyasəti artıq yerli silahlı aktorları formalaşdırıb. Onlar özlərini Hindistanın "səssiz işğalına" qarşı vuruşan qəhrəmanlar kimi təqdim edir, xarici göstərişlərə yox, şəxsi qisas hissinə əsaslanırlar. Bu, idarəolunmaz bir radikalizmdir – milliyyətçiliyin sərhədsiz forması.
Bütün bunlarla yanaşı, Hindistanın özü Pakistanın Belucistan bölgəsindəki separatçılara dəstək verir. Hətta bu fəaliyyət “Rao doktrinası” adlı rəsmi sənəddə də təsbit olunub. Beləliklə, Kəşmir ətrafında baş verənlər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin zəif yerlərinə zərbə vurduğu hibrid müharibənin tərkib hissəsidir.
Terror aktından sonra Hindistan hökumətinin reaksiyası klassik sxemdə baş verdi: Pakistanla su paylaşımı barədə 1960-cı il razılaşmasının dayandırılması, diplomatik heyətin azaldılması, sərhəd keçid məntəqələrinin bağlanması, viza azadlığı ilə ölkəyə gəlmiş pakistanlıların 48 saat ərzində çıxarılması. Bu, siyasətdən çox, ritorikadır. İctimaiyyətin gözündə güclü görünmək üçün edilən addımlardır.
Lakin bu siyasətin praktik effekti nədir? Qısa müddətli reytinq artımı və millətçi çevrələrdə razılıq dalğası. Lakin uzunmüddətli perspektivdə — daha da artan radikallaşma, daha çox hücumlar və daha az təhlükəsizlik.
Hindistan Kəşmir problemini təhlükəsizlik məsələsi kimi təqdim edir. Amma əslində bu — kimlik, hüquq və siyasi təmsilçilik məsələsidir. Bu reallıq qəbul edilmədikcə, tətbiq olunan istənilən hərbi və inzibati tədbir yalnız müvəqqəti sakitlik gətirə bilər. Əsas səbəbləri aradan qaldırmayan siyasət — problemin özünü daha da dərinləşdirir.
Baysaran faciəsi – bu yolda növbəti dayanacaqdır. Əgər Hindistan rəhbərliyi bu səsi eşitmək əvəzinə yalnız repressiyalarla cavab verəcəksə, sabah turistlər təkcə gəlməkdən imtina etməyəcəklər. Onlar suallar verməyə başlayacaqlar. Və bu — istənilən avtoritar rejim üçün daha təhlükəli bir ssenaridir.