Avrokomisiyanın yüksək rütbəli məmurunun Bakı səfəri olduqca mühüm proseslər fonunda baş verir: Prezident İlham Əliyevin Çinə tarixi səfəri baş tutub, İran və İsrail liderlərinin Bakıya səfərləri gözlənilir. Ancaq aydındır ki, Ursula Ukraynada müharibə başlayanda Bakıya qaz üçün gəlmişdisə, Kaya yol-logistika problemi ilə təşrif buyurub.
Bir müddət bundan öncə von der Leyenin başçılığı ilə AB-Orta Asiya sammitinin keçirilməsinin başlıca səbəbi də, Fransa prezidenti Makronun Özbəkistan və Qazaxıstana səfərləri kimi, nəqliyyat problemlərinə – Orta Dəhlizə həsr olunmuşdu. Britaniyanın baş naziri Starmer də Orta Asiyaya yollar üçün gəlir. Və bütün bu səfərlərin müsbət sonuclanması üçün başlıca yollar Azərbaycandan keçir...
ABŞ-AB gərginliyi yaxın illər ərzində çətin nizamlana. Çünki Ukraynadakı müharibənin başa çatacağını, yaxud Moskva-Kiyev qarşıdurmasının səngiyəcəyini yaxın illərdə gözləməyə dəyməz. ABŞ-də prezident səlahiyyətlərinin ən aktiv və effektiv müddəti də 3 ildir. Bir il seçki prosesinə həsr olunur. Bu 3 ildən sonra ABŞ-nin başına kim hansı gündəmlə gələcək, – müəmmadır. Bəlkə Trampın özü də qaldı. Odur ki, Avropa Birliyi (AB) üçün Çin həyati əhəmiyyətə malik istiqamətdir. Avropa artıq iqtisadi oriyentasiyasını şərqə – Çinə və məntiqlə, Qlobal Cənuba doğru dəyişir. Bu qlobal transformasiya isə güvənli yollarsız mümkün deyil.
Belə çıxır ki, Azərbaycanın II Qarabağ savaşındakı qələbəsi tək iki ölkə arasındakı münasibətlərin çözülməsi və regional əhəmiyyətli hadisə deyil. Bu gün Zəngəzur dəhlizi gündəmdə olmasaydı, yaxud Ermənistanın işğalı neytrallaşdırılmasaydı, hansı yollardan danışmaq olardı? Nəzərə alaq ki, AB-nin Gürcüstanla da münasibətləri korlanıb. Ona görə də çox maraqlıdır – Brüsseldə oturanlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini niyə həzm edə bilmirlər? Bu, geosiyasi anormallıq deyilmi?