Vaxt.Az

Sahibkarlığın inkişafında dövlətin rolu


 

Ölkələrin iqtisadi siyasətləri biznesmenlər üçün taleyüklü məsələdir

Sahibkarlığın inkişafında dövlətin rolu Bu gün dövlətin və cəmiyyətin dayağı olan, məşğulluğun təminində birbaşa rola malik sahibkarlarımızın günüdür. Dünya siyasəti və iqtisadiyyatının təlatümlü dövrdən keçdiyi bir vaxtda ən çox risk payına malik olanlar da sahibkarlardır.

Sahibkarlığın dərk olunması iqtisadiyyatın dərk olunmasından keçir. Bu gün ABŞ-ın də atdığı addımlar göstərdi ki, iqtisadiyyatı dərk etmədən, iqtisadi qanunauyğunluqları nəzərə almadan hətta sahibkara yardım etmək düşüncəsi ilə addım atılarsa da, bu addım əks effekt verə, sahibkarlara ciddi zərbə vura bilər.

Sahibkarlığın dərk olunması qiymət formalaşması mexanizmlərinin dərk olunmasından keçir. Burada iqtisadi nəzəriyyəni sadəcə köçürüb harasa yapışdırmaq deyil, hər bir iqtisadi konyukturanın qiymət formalaşmasında rolunun dərk olunması nəzərdə tutulur.

Dövlət sahibkar iş birliyi, sahibkarlığın inkişafında dövlətin rolu (burada təkcə təşviq mexanizmləri, güzəştlər nəzərdə tutulmur, bunlar məsələnin bir hissəsidir), sahibkarlığın güclənməsi ilə dövlətin güclənməsi arasında düzgün korelyasiyanın dərk olunması dünya ölkələrinin böyük əksəriyyətini düşündürən məsələlərdir.

Yeni düzənə keçid dövründə ölkələrin uğurlu və ya uğursuz xarici siyasətləri, o cümlədən iqtisadi siyasətləri həmin ölkələrin sahibkarları üçün taleyüklü məsələ olacaq. Yeri gəlmişkən, bu riskli dövrdə hadisələrin birbaşa mərkəzlərindən birinə çevrilən ölkəmizin uğurlu, çoxvektorlu, düşünülmüş, incə və həssas xarici siyasəti ölkədə makroiqtisadi və siyasi sabitliyin qarantıdır ki, bu da sahibkarlarımız üçün böyük dəstəkdir.

Yuxarıda qeyd etdiyim və etmədiyim bir çox aktual və vacib məsələlərin öz həllini tapması daha dayanıqlı və güclü sahibkarlıq mühitinin formalaşması deməkdir. 

Bir daha Sahibkarlar Günü münasibətilə dişi və dırnağı ilə öz biznesini quran, zəhmət və fəaliyyətləri ilə dövlətə ən çox xidmət edənlər kateqoriyasında olan bütün sahibkarlarımızı təbrik edirəm, onlara bol qazanc, minimum risk, dayanıqlılıq, sabit böyümə, özünü inkişaf etdirməyi, dövlətin, cəmiyyətin yanında olmağı, dövlət və cəmiyyətə öz hüquq və vəzifələri çərçivəsində sevərək xidmət etməyin davamını arzulayıram.

 





25.04.2025    çap et  çap et