Vaxt.Az

Kallasın Boreldən fərqi


 

AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yolları

Kallasın Boreldən fərqi Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşən Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas sələfi Cozef Borrelin səhvlərini təkrarlamaq istəmir.

Borrel açıq-aşkar anti-Azərbaycan mövqeyindən çıxış edir və bu səbəbdən Bakıya səfər edə bilmirdi. Kaja Kallas isə İlham Əliyev və Ceyhun Bayramovla görüşdə AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yollarından danışıb. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın davamını istəyir. AB Azərbaycan üçün əhəmiyyətli bazardır. Eyni zamanda birliyin Ermənistandakı müşahidəçi missiyasının fəaliyyətinin Azərbaycanda narazılıq yaratdığı böyük ehtimalla Kaja Kallasın diqqətinə çatdırılıb.

Kaja Kallas Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanı bölgədə Avropa Birliyi üçün əhəmiyyətli tərəfdaş adlandırıb. “Enerji təchizatımızın şaxələndirilməsi məsələsində bizə kömək etdiniz” deyən Kaja Kallas bu sahədə Avropanın misli görünməmiş təhdidlərlə üzləşdiyini və Azərbaycanın Avropaya dəstəyini xüsusilə vurğulayıb. Bütün bunları Kaja Kallasdan əvvəl bu vəzifəni daşıyan Cozef Borreldən eşitməmişdik. Kaja Kallas minatəmizləmə işlərində Avropa Birliyinin Azərbaycana kömək etmək istədiyini də bildirib. Bundan başqa Kallas AB ilə Azərbaycan arasında ticarət tərəfdaşlığını genişləndirmək mövzusunda Prezident İlham Əliyevlə danışıqlar aparıb. Kaja Kallasın Bakıda söylədiklərini nəzərə alaraq, onun Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün konkret planının olduğunu söyləmək mümkündür. Əsas odur ki, Avropada bu planlara çomaq soxan olmasın.

 





25.04.2025    çap et  çap et