Vaxt.Az

Tükləri tikan edən mərasim


 

Yüz minlərlə insan Papanın tabutunu ayaq üstə qarşıladı

Tükləri tikan edən mərasim Papa Fransisin dəfn mərasimi ərəfəsində Vatikanda böyük trafik var. Açıq tabutda Müqəddəs Pyotr Bazilikasına gətirilən Papaya ehtiramlarını bildirmək üçün minlərlə insan Roma küçələrində uzun növbələr yaradıb. İndiyədək vida mərasimində 130 min insan iştirak edib.

Papa Fransisin sabahkı dəfn mərasimindən əvvəl dünən gecə və bu gün səhər on minlərlə insan Vatikandakı Müqəddəs Pyotr Bazilikasına axışıb.

Açıq tabutda bazilikaya aparılan Papa Fransiskin cansız bədəni mərasimə qatılan izdiham tərəfindən qarşılanıb.

Bazilika bütün gecə açıq qalan tabut yalnız 02.30-dan 05.30-a qədər bağlanıb. Bazar ertəsi günü 88 yaşında vəfat edən Papanın cənazəsi iki gün əvvəl rəsmi mərasimlə Santa Marta qonaq evindən Müqəddəs Pyotr kilsəsinə aparılıb.

Vatikan rəsmiləri bildiriblər ki, çərşənbə günündən bəri dünyanın hər yerindən təxminən 130 min insan Papa ilə vidalaşıb.

***

Bazilika bu gün səhər yenidən açıldıqdan sonra Romadan Vatikana gedən əsas bulvarda növbələr yaranıb.

Bəzi ziyarətçilər saatlarla gözləyiblər. Ziyarətçilərin çoxu öz hörmətlərini bildirmək üçün yalnız bir neçə dəqiqə içəridə qalıb.

Vida mərasiminin bu gün axşam saat 19:00-da başa çatacağı bildirilib. Bu bağlanış Papanın tabutunun bağlanacağı xüsusi mərasimdən əvvəl olacaq.

İtaliyalı kardinal Covanni Battista Re, Katolik Kardinal Kollecinin təntənəli lideri kimi dəfn prosesinə rəhbərlik edəcəyini açıqlayıb.

Papa Fransisin tabutunun bağlanacağı mərasimdə səkkiz kardinal, o cümlədən Papanın şəxsi katibləri də iştirak edəcək.

***

Yeni Papanın seçilməsi üçün konklavın (Kardinallar Şurasının iclası) mayın 6-dan əvvəl başlaması gözlənilmir. Bu müddət ərzində kardinallar müvəqqəti olaraq 1,4 milyard katoliklərin rəhbərliyini öz üzərinə götürüblər.

Romadakı kardinallar demək olar ki, hər gün görüşürlər. Bu görüşlərdə daha çox dəfn mərasimləri və seçkilərlə bağlı texniki detallar müzakirə olunur.

Vatikandan verilən məlumata görə, dünənki sessiyada 252 kardinaldan 113-ü iştirak edib. Bu gün bu rəqəmin artacağı gözlənilirdi.

Sabah keçiriləcək dəfn mərasimdən əvvəl Roma çoxlu sayda yüksək səviyyəli nümayəndə heyətinin gəlişinə hazırlaşır. ABŞ prezidenti Donald Trampın da cümə gecəsi şəhərə gələcəyi bildirilirdi.

***

Bu gün səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsinə baş çəkib, Roma Papası Fransisin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.

Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazdılar.

Sonra dövlətimizin başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət etdilər.

Roma Papası Fransislə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, Papa Fransisin Heydər məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi. Prezident İlham Əliyev Papa Fransisin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını dedi.

Birinci xanım Mehriban Əliyeva da öz növbəsində Papa Fransislə görüşlərini məmnunluqla xatırladı.

Vladimir Fekete dövlətimizin başçısına və birinci xanıma başsağlığına görə minnətdarlığını bildirdi. O, Roma Papasının katolik kilsənin lideri kimi bir nümunə olduğunu dedi.

 





25.04.2025    çap et  çap et