«RUS ƏDƏBİYYATINI RUSLARDAN YAXŞI BİLİRƏM»
- Nərgiz Ehlamqızı: Vəfa müəllim, Sizinlə saat 12:00 üçün görüşməyi planlaşdırmışdıq. Zəng edəndə dediniz ki, Putinin çıxışına qulaq asım, sonra gələcəyəm. İstərdim, elə onun çıxışına şərhinizlə «Brifinq»ə başlayaq...
- XXI əsrin ən böyük hadisəsi Rusiyanın Krımı özünə birləşdirməsidir. Bu, dünyada yeni dönəm haqqında xəbər verir. Saat 12:00-a təyin olunmuş görüşümüzü ona görə təxirə saldım ki, Putinin çıxışını dinləmək istəyirdim. Dinlədim, sözün düzü, bundan artığını gözləyirdim. Putinin özünü ortalığa çıxmış yeni güc kimi göstərəcəyini gözləyirdim. Amma bu, olmadı. Hiss olunur ki, Putin Qərbdən onun imperiya hüquqlarını tanımasını tələb edir. Rusiyada Putinə dəstək dərzi tərəfindən tikilmiş dondur. Bütün suallar əvvəlcədən hazırlanmış suallar idi. Putin nümayiş etdirmək istəyir ki, o, bütün rus xalqının dəstəyinə arxalanır və onun bütün addımları qanunidir. Sovet İttifaqı dağılandan sonra Rusiya ilə hesablaşmırdılar. Rus imperiyası olduqca incik vəziyyətdə idi. İndi hiss edir ki, bir qədər güclənib və öz imperiya haqlarını tələb edə bilər. Bu da bütün keçmiş Sovet İttifaqı ərazisində olan və yeni dövlət statusu alan ölkələri - Azərbaycanı, Qazaxıstanı, Özbəkistanı narahat edir. Sözsüz ki, Ermənistanı narahat etmir, çünki bu ölkə müstəmləkə kimi qalıb, müstəqil ola bilməyib. Tacikistanı da yox, çünki bu ölkə Rusiyanın əsgəri bazası olaraq qalıb, bunun sayəsində dolandığı üçün bu ölkəni də müstəqil dövlət adlandırmaq çətindir. Ukrayna müstəqil dövlətlərin aparıcı dövlətidir. Hamı düşünürdü ki, Ukraynaya batmaq olmaz. İndi Ukraynada yeni hakimiyyət gəlib, amma ölkəni nəzarət altına götürə bilmir. Ukraynanın ordusu yoxdur deyirlər. Ona görə ki, SSRİ dövründə də, yeni 23 il ərzində də Ukrayna ordusuna yalnız və yalnız ruslar cəlb olunub. Luqansk, Donetskdən rusyönlü ukraynalılar və ya «ukraynalı» adlanan ruslar olub. Bu, Rusiyanın qosqoca siyasətidir. Biz Ukraynaya nisbətdə uduşlu vəziyyətdəyik. Azərbaycanın milli ordusu var, öz xalqına tabedir və öz xalqının nümayəndələrindən ibarətdir. Bizimlə Ukrayna kimi hərəkət etmək mümkün deyil. Nə mən, nə də mənim vətəndaşım anti-rus deyilik. Anti-rus olmaq faşist olmaq deməkdir. Necə ki, faşistlər yəhudiləri yəhudi olduğuna görə öldürürdülər. Məni anti-rus kimi göstərmək istəyirlər. Rusiya vətəndaşı olmaq üçün imtahan versəm, birinci olaram. Çünki mən rus dilini də, ədəbiyyatını da, tarixini də ruslardan yaxşı bilirəm. Mən rus xalqının əleyhinə deyiləm, amma çarların vaxtından onlar kölə olublar. Bu dəqiqə ABŞ və NATO düşünür ki, Rusiya nə qədər uzağa gedə bilər. Çünki onlar Rusiyanı dağıtmaqda yox, dəyişməkdə maraqlıdırlar.
«AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN APARICILARINDAN BİRİ OLMUŞAM»
- Qurban Yaquboğlu: Belə təkliflər səslənir ki, Rusiyaya münasibətdə Azərbaycan çox ehtiyatlı variant seçməlidir. Sizcə, Azərbaycan necə hərəkət etməlidir ki, bu çətin prosesdən uduşla çıxsın?
- Mən Azərbaycanın xarici siyasətinin aparıcılarından biri olmuşam. Azərbaycan qərbyönlü oriyentasiyalı dövlətdir. Bununla bərabər Rusiya ilə normal əlaqələrin qurulmasının tərəfdarıdır. Azərbaycan müttəfiqləri ilə əlaqələri gücləndirməlidir. Müttəfiq kimdir? Birinci növbədə Türkiyədir. Emosiyaları, qan, din, dil birliyi məsələlərini kənara qoyaq. Bunlar siyasətdə əhəmiyyətsiz bir şeydir. Azərbaycanın nefti, qazı Türkiyə üçün iqtisadi faktordur. Eyni zamanda da emosional faktorlardan ibarətdir. Biz Rusiya ilə əlaqələri düzgün qururuq, silahları başqa ölkələrdən, keçmiş sovet ölkələrindən və ya Varşava İttifaqının nümayəndələrindən ala bilərik, amma Rusiyadan alırıq. Azərbaycan ordusu güclənməli, Türkiyə ilə əlaqələrin möhkəmlənməsi lazımdır. Axır vaxtlar Türkiyə generallarının Bakıya gəlməsi, Azərbaycan müdafiə nazirinin gah Türkiyəyə, gah İrana getməsi lazımlı işdir. Üstəlik, Avropa və Amerika ilə öz dialoqumuzu gücləndirməliyik.
- Səxavət Həmid: Dağlıq Qarabağ məsələsində ABŞ, Rusiya və Fransanın mövqeyi üst-üstə düşür. BMT-nin Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermədə də gördük...
- Minsk Qrupunun özü də olduqca simvolik qurumdur. Bu qurumda tamamilə imitasiya aparılır. Qərb də bu imitasiyaya gedirdi. Düşünürdü ki, bir gün Rusiyada vəziyyət dəyişə bilər. Ermənistan da Gürcüstanda olduğu kimi ABŞ-ın köməyi ilə rus əsgəri bazasını çıxarar. Bir gün Gümrüdən rus bazalarını çıxarandan sonra sülh bağlamaq olar. Ermənilər sülh istəyir, Rusiya istəmir. Rusiya bu regionda hökmran olduğu üçün Minsk Qrupu heç nə edə bilməz. Nüvə dövlətidir, ən müasir silahlarla silahlanmış böyük ordusu var. Məsələni Minsk qrupundan çıxarıb BMT-yə, yaxud hansısa quruma versək də, xeyri yoxdur. Rusiya dəyişməlidir.
- Nemət Orucov: Söhbət necə dəyişməkdən gedir?
- Bu dəqiqə Qərb Rusiyadan iqtisadi baxımdan olduqca güclüdür. Qərbdəki vəziyyəti də başa düşmək lazımdır. KTMT-də Rusiya əsas qüvvədir, başqaları xırda-xuruşdur. NATO-da da vəziyyət belədir, əsas qüvvə ABŞ-dır. ABŞ başqa üzvlərin güclənməsini istəmir. Məsələn, Amerika heç istəməz ki, Almaniya yenidən böyük əsgəri güc olsun. Çünki birinci və ikinci dünya müharibəsində Amerika Almaniyadan qorxub. Almaniya dünyanı dizi üstə qoyub. Amerika ona görə də NATO üzvlərinə çox gözəl şərait yaradır, onlar varlanırlar. Avropadakı yüksək həyat tərzi heç Amerikanın özündə yoxdur. Amma Avropada Amerikada olan əsgəri güc yoxdur. ABŞ buna yol verməyib. Ukrayna münaqişəsi Avropada baş verib, avropalıların Rusiyaya gücü çatası deyil. ABŞ da yavaş-yavaş ora girişir. Amerika başa düşür ki, güclü surətdə ora girişmək Rusiya ilə nüvə müharibəsinə gətirib çıxara bilər. Varlı və güclü Avropa istəməz ki, Rusiya ilə indiki mərhələdə nüvə müharibəsi aparsın. Amerika bütün Rusiyanı darmadağın edə bilər. Amma Rusiya da ABŞ-ın Nyu-York və digər ştatlarını darmadağın edər. Gərək, Avropa ABŞ-ın sözü ilə Rusiyaya ciddi sanksiya tətbiq etsin. Amma bu, Avropaya çox çətindir. Çünki onların pulu Rusiyadan gəlir. Avropa nefti, qazı Rusiyadan istədiyi qiymətə alır. Fransa, İngiltərə, Almaniya və İtaliyanın müxtəlif şirkətləri Rusiya ilə müqavilə bağlayıb. Putin bunların hamısını hesablayıb. O, deyir ki, sanksiyalar tətbiq edəcəksinizsə, ikibaşlı olacaq. Biz əzab çəkəcəyiksə, Avropa da əzab çəkəcək. Amerika Rusiyadan asılı deyil. Rusiya Amerikaya çata bilməyəcək, amma Avropanı dağıdacaq.
- N.Orucov: SSRİ-nin yenidən qurulma ehtimalı varmı?
- Hesab edirəm ki, yoxdur. Putin bu işləri başqa səbəblərə görə başlayıb. Rusiya çaxnaşma ərəfəsindədir, zəngin ölkənin iqtisadiyyatı düşüb. Ölkədə hər cür çaxnaşma ola bilər. Krım hadisəsindən sonra millətçilik qalxıb, Rusiya propoqandası bu millətçiliyi birə yüz dəstəkləyir. Rus xalqının vəziyyəti pisləşəcək, Putin Amerikaya işarə edəcək. Deyəcək ki, bax, onlar düşməndir, gəlin az yeyək, az geyinək və onların əleyhinə mübarizə aparaq. Şimali Koreya yarımac mübarizə aparır, ölkəsində heç bir demokratik inkişafa imkan verilmir. Rusiya da ora doğru gedir, bir dəfə gedəndə SSRİ çökdü, bu dəfə getsə, federasiya çökəcək, bir gün Başqırdıstan, Tatarıstan müstəqil dövlət olacaq.
- Ülviyyə Axundova: Sosial şəbəkələrdə Azərbaycanda solçu ideologiyalı gənclər çoxalıb. Halbuki biz Ukraynanı dəstəkləyirik. Belə gənclərin çoxalmasının səbəbi nədir?
- Əvvəla, Stalin dövrünü, 30-cu illəri yada salaq. Onda Sovet İttifaqı nə qədər çətin vəziyyətdə idi. Buna baxmayaraq, kommunist internasionalını Avropada dəstəkləyirdi. Avropadakı Kommunist və Sosialist Partiyalarını Sovet İttifaqı maliyyələşdirirdi. Rusiya bu dəqiqə bütün keçmiş sovet ərazisində - Azərbaycanda, Özbəkistanda, Qazaxıstanda kommunist qalıqlarını maliyyələşdirir, özünə «5-ci kolon» yetişdirir. «5-ci kolon»un təhlükəsi ən çox nədən ibarətdir? «5-ci kolon» bizim özümüzdən ibarət olan adamlardır - jurnalistlər, mühəndislər, həkimlərdir. Bunları Rusiya dəstəkləyir. Azərbaycan Kommunist Partiyasının pulu Moskvadan gəlir. Rusiyanın keçmiş sovet ərazisinə milyardlarla pulu gedir. Bizim cəmiyyət də bir o qədər varlı cəmiyyət deyil. Üstəlik, buna zəmin də var. Bizim əhali arasında elə təbəqə var ki, onlar sovet dövründə indikindən yaxşı yaşayıb. İndiki dövr kapitalist dövrüdür, kimin canı sağlamdır, kimin beyni yaxşı işləyir, bu gün soğan satırsa, sabah kompüter satmağa başlayır. Xalqımızın ticarətdə çox böyük məharəti var. Şimali okeana qədər azərbaycanlılar hər yerdə öz mağazasını açıb ticarət edirlər. Amma elə təbəqələr var ki, onlar heç bir şeyə qadir deyil. Bir adam ona gəlib deyəndə ki, ayda sənə 150 dollar verəcəyik, gəl təşkilat yarat, bizə işlə, işləyəcək. Müstəqillik dövründə dövlət müşaviri olmuşam, istefaya gedəndən sonra şəxsən mənim özümə Rusiya yalvarıb. Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov səfirliyinə dəvət etmişdi. Mən səfirlikdən çox razıyam, onlar həmişə mənə hörmət edib. İndiyədək hörmət edirlər.
«RUS DİPLOMATLARINI GÖRƏNDƏ ÜRƏYİM KÖVRƏLİR»
- N.Orucov: Sizi tədbirlərinə dəvət edirlər?
- Mən istefadan sonra getmirəm. Çünki mən orada bütün «5-ci kolon»u görmüşəm. Cənab Ryabov mənə müraciət edib deyirdi ki, «Vafa Mirzoyeviç, vı sovetskiy diplomat», «Siz bizimsiniz». Doğrudan da, belədir, mən sovet diplomatıyam. Mən Amerikanın əleyhinə sovet diplomatı kimi qaynar nöqtələrdə mübarizə aparmışam. Səfirin «Siz bizimlə birgə olmalısınız. Sizə ehtiyacımız var» sözləri qarşısında, bəlkə də, başqa adam tab gətirməzdi. Mənim rus diplomatlarını görəndə ürəyim kövrəlir. Çünki onlar mənim yaxın dostlarım, silahdaşlarımdır, 1991-ci ilədək biz bir yerdə olmuşuq. Onlar gözəl insanlardır, intellektualdırlar, ailəvi dostluq etmişik, evlərinə getmişik, evimizə gəliblər. Onların şəxsiyyətinə yüksək dəyər verirəm.
- N.Orucov: Yeri gəlmişkən, «Azadlıq» radiosu Sizin o sözünüzə görə indi böyük debat aparır...
- Mən bilirəm, qoy aparsın, bunun böyük xeyri var. Keçmiş sovet diplomatı kimi rus imperiyasının maraqlarını qorumağa razılıq versəydim, görün, nə qədər güclü surətdə onlara xidmət edə bilərdim. Çünki mənim danışıq, yazı bacarığım, siyasi təcrübəm, Azərbaycanı, kimin-kim olduğunu yaxşı bilməyimin hamısının böyük əhəmiyyəti var. Mən bircə söz dedim, hörmətli səfir, biz professionallıq, elə deyilmi? Dedi, bəli. Dağlıq Qarabağı və Azərbaycanı siz işğal etmisiniz, ermənilər yox. Dedi, sizinlə razıyam. Dedim onda nə vaxt bizim torpaqlar azad olunacaq, mən sizə bədava işləyəcəyəm, amma ona qədər yox.
- Dilqəm Əhməd: «5-ci kolon»da məşhurlardan kimlər var?
- Məclisdir, ora min nəfər adam çağırılır. Ora yaxın adamları dəvət edirdilər. Məsələn, Amerika səfirliyi məni həmişə dəvət edir. Nəyə görə? Mən Qərbyönlüyəm, özü də gizlətmirəm. Açıq deyirəm. Amma ABŞ-ın «5-ci kolon»u deyiləm, bəzən məndən narazı olurlar. Çünki lazım olanda Amerikaya möhkəm «döşəyirəm». Bu barədə elə ABŞ-ın səfiri dedi ki, sən ruslara da, hərdən bizə də möhkəm «döşəyirsən». Dedim ki, mən beləyəm də, başqa cür ola bilmərəm. «5-ci kolon» çox incə məsələdir. Orada xidmət edənlərin xidmətlərinin 90 faizi qanunidir. Necə qanunidir? Kəşfiyyat işinin əsas məğzi nədən ibarətdir? İnformasiya yığmaqdan. Tutaq ki, mən Azərbaycanın Neftayırma zavodunda işləyirəm, oradakı əhval-ruhiyyəni, baş verən hadisələri səfirliyin müəyyən işçisinə çatdırıram. O biri də Azərbaycanın hansısa təşkilatında işləyir, o da öz təşkilatı haqqında çatdırır. Bu cür qanuni materiallar gəlib yığılır, sonra Azərbaycanın əhval-ruhiyyəsi haqqında gözəl kəşfiyyat materialı olur. Elə adamlar da var ki, dövlət strukturlarında çalışıblar, indi işdən çıxıblar. Amma indi ruslar, amerikalılar və ya fransızlar bu adamları özlərinə cəlb edə bilirlər. Onlar da bildiklərini, sözsüz ki, çatdırırlar. Dünya kəşfiyyatı bu dəqiqə informasiyanı yığıb təhlil edib məğz çıxarır. Dünya dəyişdikcə, kəşfiyyat da dəyişir. Əvvəl Ceyms Bondlar vardı, gecə gəlib seyfi açırdı. İndi seyfi açmağa ehtiyac yoxdur, seyfin içini lazerlə oxumaq olar. «5-ci kolon»la hökumət ciddi surətdə məşğul olmalıdır.
- N.Orucov: Sizin Əbülfəz Elçibəylə tanışlığınız, məncə, çox-çox əvvələ gedir...
- Biz tələbəlikdə dostlaşmışdıq, söhbətimiz tuturdu.
«HEYDƏR ƏLİYEV GƏLMƏSƏYDİ, DÖVLƏT BAŞ TUTMAYACAQDI»
- D.Əhməd: İndi baxanda onun siyasi hakimiyyətini necə dəyərləndirirsiniz?
- Gəlin, belə deyək, siyasi hakimiyyət yox idi. Ona görə ki, Azərbaycanda iqtisadi və dövlət strukturları hamısı sovet dövründə Heydər Əliyev tərəfindən formalaşdırılmışdı. Qısa müddətli Əbdürrəhman Vəzirovun hakimiyyəti heç nə idi, o, heç nəyi dəyişə bilmədi. Ayaz Mütəllibovun dövründə bütün strukturlar Heydər Əliyevin yaratdığı strukturlar idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi və uğuru buna əsaslanır. Amma Elçibəyin hakimiyyətə gəlməsi heç bir şeyə əsaslanmırdı. O, ziyalı adam idi, özü də Şərq ziyalısı. Əbülfəz ədəbiyyatı bilirdi, türkpərəst idi. Azərbaycan kimi mürəkkəb yerdə, inanmıram ki, H. Əliyevdən başqası baş çıxara bilərdi. O, gəlməsəydi, dövlət baş tutmayacaqdı. Bir hakimiyyət o birisini dəyişəcəkdi, o biri digərini, axırda da ortalıqda heç nə olmazdı.
- N.Orucov: Doğrudanmı, «Çeçenistanda baş verənlər milli-azadlıq hərəkatıdır» fikrinin istefanıza təsiri olmuşdu?
- Bu fikri demişdim, «Nyu-York Tayms» qəzeti də çap etmişdi. Nə olsun ki?
- N.Orucov: Bir vaxtlar deyirdilər ki, istefanıza əsas səbəb o olub. Rusiyanın təzyiqi olub...
- Heydər Əliyev fəaliyyətimdən razı idi. Yevgeni Primakov açıq efirdə jurnalistləri qəbul edəndə məndən şikayət elədi. H. Əliyev məndən soruşdu ki, dediyi doğrudur? Mən də dedim, doğrudur. Primakov barədə mətbuata demişdim ki, o, yaxın köməkçisi Markaryanla 20 Yanvarda Azərbaycanda olub. Markaryan onu daima müşayiət edib, «KQB»nin sədri olanda Markaryana general rütbəsi verib. Rusiyanın Xarici İşlər Nazirliyinə gedəndə orada general rütbəsini çıxarmadan özü ilə orada işləyib. Heydər Əliyev dedi ki, çox sağ ol. Qurtardı getdi. Primakov şikayətini, yəqin, ona hesablamışdı ki, H.Əliyev mənə acıqlansın ki, Primakov kimi adama niyə belə söz demisən. Amma o, mənə bunu demədi. Azərbaycan və Rusiya nümayəndə heyətlərinin görüşü idi. Primakov təzyiq etmək istədi ki, Dağlıq Qarabağla birbaşa danışıqlar aparın. H. Əliyev ədəblə bir dəfə «yox» dedi. Primakov yenə təzyiq edəndə, H.Əliyev mənə baxdı. Deməli, sözü mənə verirdi. Mən sözü aldım, Primakovu arqumentlərini dağıtmağa başladım. Bir saat onunla danışdım, axırda Primakov təslim oldu, dedi, yaxşı, əgər istəmirsinizsə, onda lazım deyil. Heydər Əliyevlə heç vaxt Rusiyaya görə problemim olmayıb.
- Səxavət Həmid: Siz Yaxın Şərqdə diplomat kimi çalışmısınız, adətən, Sovet xüsusi xidmət orqanları diplomat kimi göndərdiyi şəxsləri «verbovka» edirdilər. Sizinlə bağlı deyəsən, bu, baş verməyib.
- 5-ci kursda oxuyanda şərqşünasları «verbovka» edirdilər. Mən sərt surətdə rədd etdim. Bizim doğma «KQB» bundan çox incidi. Mənə xaricə çıxmaq qadağası qoyulmuşdu. Bütün 5-ci kurs tələbələri hansısa ərəb ölkələrinə gedib oradan bir «Volqa» gətirirdi. Elçibəy də getmişdi. «Verbovka»dan keçmək tələbəlikdə böyük şey deyildi. Sən gərək öhdəlik verəydin ki, xaricdə olduğun müddətdə Sovet orqanlarına kömək edəcəksən. Bundan artıq bir şey yox idi. Məndən başqa bütün şərqşünaslar buna imza atdılar. Aspiranturaya daxil oldum, Moskvada müdafiə elədim, amma aspirantura zamanı «KQB»dən xahiş olunmuşdu ki, xaricə gedən «KQB-çiləri» ərəb dili sahəsində hazırlayım. Mən çox güclü ərəbşünas idim. 5-ci kursda oxuyanda ərəb dilini mükəmməl bilirdim, amma mənim dostlarım heca ilə danışırdılar. Mən də onları hazırlayanda dedim ki, mənə heç nəyin üstündə xaricə getmək qadağası qoyublar. Onlar da dedilər ki, Vəfa müəllim, bunu boynumuza götürürük. Mən xaricə getmək istəyəndə, dedilər ki, kağıza imza atmasan, səni xaricə buraxmayacaqlar. Mən də kağıza imza atdım. Ki, mən xaricdə işlədiyim zaman sovet orqanlarına kömək edəcəyəm. Getdiyim ölkə Misir idi, dili gözəl bildiyimə və intellektual olduğuma görə səfirin sağ əli oldum. Ənvər Sədatla bütün görüşləri mən tərcümə edirdim. Brejnevlə Ənvər Sədatın yazışmalarını mən tərcümə edirdim. Misirdəki «KQB» mənim dabanıma qədər də qalxan deyildi. Onların məndən bircə xahişi olmuşdu: səndən heç nə ummuruq, amma hərb-sülh məsələsində, sözsüz ki, birinci səfir Vinoqradov biləcək, elə et ki, biz də səninlə bərabər bilək. Bilən kimi bizə xəbər ver. Hərb-sülh məsələsi doğrudan da baş verdi. Ənvər Sədat səfiri mənimlə bərabər çağırdı, dedi ki, mən bir neçə gündən sonra müharibəyə başlayıram. Vinoqradov çox ağıllı adam idi, dedi Vəfa, bunu Moskvaya tək ötürsəm, onlara xəbər verməsən, inciyəcəklər. Sən əvvəl teleqramı yaz, hazır elə. Ondan sonra rezidenti dəvət elə, həmin gün xəbər edək. Demək istəyirəm ki, «KQB»nin məndən bir şey tələb etməsi üçün səviyyəsi çatmırdı. Bəlkə də, adi tərcüməçi kimi getsəydim, mənə müxtəlif təkliflər verəcəkdi, sözsüz ki, həyata keçirəcəkdim. Heç vaxt dissident olmamışam, şəxsiyyətli adam olmuşam. Mən diplomatik işdən Heydər Əliyevin vasitəsilə Mərkəzi Komitəyə qayıtdım. Hamı məndən şübhəli idi. Bu, şəxsən H. Əliyevin namizədidir, görəsən, kimdir?
«İSLAMA BÖYÜK SEVGİM VƏ MƏHƏBBƏTİM VAR»
- Qurban Yaquboğlu: Şərqşünasların İslama marağı olur, bəs Sizin İslam dininə olan münasibətiniz necədir?
- İnsanlar Allahdan kənar olmur. Bütün kainatda nə varsa, onun yaradanı var. Bəzilərində belə yanlış fikir var ki, guya Allahın bizim ona inanmağımıza ehtiyacı var. Bu, belə deyil. Bizim ona inanmağa ehtiyacımız var. O zaman daxildən möhkəm və təmiz oluruq. İslama böyük sevgim və məhəbbətim var. İslamı dərindən başa düşürəm. Çox adam Allahu-əkbər sözünün mənasını dəqiq bilmir. «Allah böyükdür» deyirlər. Bu, belə deyil. Əkbər - üstünlük formasıdır. Allahdan böyük məfhum yoxdur və ola bilməz. Bu, çox dərin ifadədir.
- Q.Yaquboğlu: «Quran»ı oxuyursunuz?
- Oxuyuram, əzbər də bilirəm. O insan ki, özünü Allahın qulu hesab edir, o heç kəsin qulu ola bilməz. Xoşbəxtliyim ondadır ki, ərəb dilini mükəmməl bilirəm, çətin və ağır dövrümdə «Qurani-Kərim»i oxuyuram və orada yazılanları birbaşa başa düşürəm. Dinin insanlara bu qədər güclü təsiri olduğundan onun düşmənləri İslamdan istifadə edirlər.
- N.Ehlamqızı: İqtidar və ya müxalifət cinahından məsləhət üçün Sizə müraciət edən olur?
- Məndən məsləhət istəməyə ehtiyac yoxdur. Çünki hadisə baş verən kimi bütün KİV-lər mənə müraciət edir. Yeganə adam mənəm ki, jurnalistlərə o dəqiqə cavab verirəm. Ona görə dediklərim, mediadakı çıxışlarım hər kəsin masasının üstündə olur. Həm məmurların, həm də müxalifətin.
- D.Əhməd: Müxalifət 90-cı illərdə güclü idi. İndiki müxalifətin durumunu necə dəyərləndirərdiniz?
- Hesab etmirəm ki, müxalifət 90-cı illərdə güclü olub. O zaman vakuum əmələ gəlib, Sovet ideologiyası çöküb, boşluq əmələ gəlib. Bu boşluğun yerini dolduran adamların hamısını adbaad tanıyırsınız. Hesab etmirəm ki, bunlar o dövrdə güclü müxalifət olduğuna görə hakimiyyətə gəliblər. Heç də belə olmayıb. - D. Əhməd: Memuar yazırsınız? - Yox. Mən o vaxt memuar yazaram ki, Azərbaycan Fransa və ya İngiltərə kimi ölkə olsun. Rusiyanın özündə memuar yazan yoxdur. Bir dəfə Amerika senatoru Sem Braunberk, Heydər Əliyev və mən - üçümüz nahar edirdik. Bir çox adamlarla üçlükdə nahar etmişik, tərcüməni də mən etmişəm ki, kənar heç kəs olmasın, çünki çox incə məsələlər müzakirə olunurdu. Braunberk Heydər Əliyevə sual verdi ki, bu qədər zəngin həyatınız olub, memuar niyə yazmırsınız? Heydər Əliyev dedi ki, başım elə qarışıqdır ki, memuar yazmağa imkanım yoxdur. Braunberk qayıtdı ki, bəli, hesab edirəm ki, hərdən yazılmamış kitab yazılmışdan üstün olur. Ondan sonra Braunberk bir sual da verdi ki, siz Sovet İttifaqında hakimiyyətə gəlməyə bir addımlıqda olmusunuz. Sovet İttifaqının başında siz dursaydınız, nə baş verərdi? Heydər Əliyev Braunberkə baxdı, əlini göyə qaldırdı ki, şükür Allaha, belə şey baş verməyib.
«SIRAVİ ƏHMƏD» MAHNISI MƏNİM SİFARİŞİMLƏ YAZILMIŞDI»
- Ruslan Xəlil: Səhv etmirəmsə, xanımınız musiqiçidir. Hansı tip mahnıları dinləyirsiniz?
- Azərbaycan musiqisi mənim qanıma, canıma yayılan musiqidir. Axırıncı dəfə Əlcəzairə işləməyə gedəndə Emin Sabitoğlu ilə dost idim, mənə kasetini bağışladı. Qürbətdə maşında o kaseti dinləyəndə gözlərim yaşarırdı. Xədicə Abbasovanın oxuduğu «Sıravi Əhməd» mahnısı mənim sifarişimlə yazılmışdı. Eminə dedim ki, yazdıqlarınızın hamısı lirika, məhəbbətdəndir, bu xalqın bir marşı olmalı, əsgərinə də mahnı həsr olunmalıdır axı. Klassikanı sevirəm, modern cazı qəbul etmirəm.
- D.Əhməd: Dediniz ki, rus ədəbiyyatını çox yaxşı bilirsiniz. Kimləri sevirsiniz?
- Rus ədəbiyyatı çox güclü ədəbiyyatdır. Ən çox sevdiyim şəxsiyyət İvan Bunindir. Onu əzbər bilirəm. Çexovun Sovet dövründə 12 cildlik kitabı çıxmışdı, dəfələrlə oxudum. Qərb ədəbiyyatından cavanlıqda Cek Londonu bəyənmişəm. Fransız ədəbiyyatından Mopassandır. Hüqo və başqalarını oxumuşam. Azərbaycan ədəbiyyatında klassikanı sevmişəm. Sovet ədəbiyyatından hər yazıçıdan, şairdən nəsə oxumuşam. Səməd Vurğunun «Azərbaycan» şeirini çox sevirəm. Vurğunu bu şeirin üstündə millətçi kimi Sibirə göndərmək istəyirdilər. Bu cür şeiri o vaxt yazıb ortalığa qoymaq Allah tərəfindən göndərilmiş şeydir. Allah da onu qoruyub. Stalinə gedib şeytanlayanda ki, o, millətçidir, Stalin deyib ki, Səməd Vurğunla işiniz olmasın. Çünki o bilib ki, Azərbaycan xalqı tərəfindən nə qədər sevilir. Rəsul Rzanın şeirləridəndən əzbər bildiklərim var.
- N.Orucov: Vəfa müəllim, indi haradasa işləyirsiniz? Universitetdə dərs deyirsiniz?
- Mən işləyən adama oxşayırammı? (gülür) Mənim qədər müstəqil adam gəlib rektorun qabağında otura bilər?