Vaxt.Az

İki ağızdakı bir dil


 

Erməni pulu ilə düşmənçilik edənlərlə bəzi müxaliflərin leksikonu eynidir

İki ağızdakı bir dil Avropa parlamentinin bir sıra üzvləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini Azərbaycana rəsmi səfəri etməsi ilə bağlı tənqid edib. Bu tənqidlər üçün əsas kimi guya Ermənistanın demokratiyanı seçməsi, Avropa Birliyinə üzvlük haqqında qanun qəbul edərək təhdidlərlə üzləşməsi, Azərbaycanın isə avtokratik olması, demokratik Ermənistana təcavüz etməsi göstərilir. Yəni Ermənistan guya demokratiya, avrointeqrasiya yolu seçdiyi üçün təhdidlərə, təcavüzə məruz qalır, Avropa Birliyinin xarici siyasət rəhbəri isə avtokratik Azərbaycana səfər edir, bununla da təcavüzkarı mükafatlandıraraq islahatçıya məhəl qoymur.

Azərbaycanın “demokratik, Avropaya inteqrasiya edən, islahatçı Ermənistan” tərəfindən Rusiyanın köməyi ilə işğal olunmuş və təxminən 30 illik işğal dövründə İranın köməyi ilə viran qoyulmuş   torpaqlarını azad etdikdən sonra Avropa parlamentinin artıq sayını unutduğum çoxsaylı qətnamələri fonunda belə çıxışlar təəccüb doğurmamalıdır. Başqa bir nüansa diqqəti cəlb etmək istərdim. Bu da Azərbaycan əleyhinə olanlarla Azərbaycanın bəzi müxalifətçilərinin leksikonunun demək olar ki, üst-üstə düşməsidir. Ermənistan demokratiya və avrointeqrasiya yolu seçdiyi üçün Qərb ölkələri tərəfindən müdafiə olunur, Azərbaycan isə avtokratiya yolu seçdiyi və diktatorlar klubunda yer aldığı üçün müdafiə olunmur. Təsadüfdürmü? Bəlkə də. Hər halda düşünüləsi məsələdir.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin Azərbaycana rəsmi səfərinin səbəbləri və nəticələri erməni pulu ilə edilən bu cür cılız yanaşma və çeynənmiş ifadələrlə yox, nisbətən ayıq başla təhlil olunmalıdır.

 





27.04.2025    çap et  çap et