O, hər şeyə hakimdir bu balkondan – səhnəyə də, izləyicilərə də.
Milli Dram Teatrının (“Azdrama”) baş rejissorunun bu axşam iki tamaşası oynayır Bakıda.
Gənc Tamaşaçılar Teatrında “Kod adı VXA”, “Azdrama”da isə “İblis”.
Mehriban Ələkbərzadənin bu sabah “Əgər həvəsin və vaxtın varsa…” ilə başlayan mesajlı dəvətini “İblis”ı seçərək qəbul etdim.
Öz-özümə “Cavid, İblis, Mehriban” deyəndə seçimi doğru etdiyimi düşündüm…
Psixoanalizin banisi, dahi avstriyalı nevroloq Ziqmund Freyd (1856 – 1939) teatra, xüsusilə də operaya getməyi çox sevərdi. Gənclik və orta yaşlarında onu tez-tez Vyana Operasında görərdilər. Klassik musiqi ilə bərabər operaya da xüsusi marağı vardı. Freyd teatrdan intellektual həzz aldığını söylərdi. Xəstələri ilə keçirdiyi uzun, gərgin seanslardan sonra dincəlmək üçün teatra gedərdi.
Görkəmli psixiatr dostuna yazdığı bir məktubda bu cümlələrə yer vermişdi:
"Bu gün özümü xəstələrimdən və onların sonsuz problemlərindən xilas etmək üçün operaya sığınacağam. Özümü musiqiyə qərq etmək, daxili səsimi susdurmaq və başqa dünyalara qaçmağın ən yaxşı yoludur bu".
Ömrünün qürub çağında Freyd Vyana operasına özəl dəvətli olaraq gedirdi.
1930-cu illərdə Vyana Dövlət Operasının Baş rejissoru Klemens Krauss idi. Görkəmli rejissor
öz lojasını hər səfərində 20-ci əsrin əfsanəvi aliminə verirdi. Freyd çox sevdiyi Verdinin ilahi musiqisindən tərki-dünya olur, anşlyüz sonrası Londona mühacirət etmə qərarının ağrısını az da olsa unutmağa çalışırdı...
Lojanı tapıb oturanda özümü Ziqmund Freyd kimi hiss elədim, Mehriban Ələkbərzadəni isə Klemens Krausa bənzətdim. Bu düşüncələrimi bir azdan 35 illik əziz dostuma da deyəcəm, çünki o, ən gözəl müqayisələrə layiq nəhəng bir istedad yumağıdır…