İllərdir dollar alan və əmanətlərini “S&P 500” və “Nasdaq 100”də satılan səhmlərə yatıran London, Paris və Tokiodakı investorlar həm öz birjalarını geridə qoyan bu indekslərin yüksəlişindən, həm də dolların davamlı bahalaşmasından faydalanıblar. Lakin bu investorlar ABŞ prezidenti Trampın qlobal ticarət müharibəsinə başlamasından sonra ciddi və sürətli itkilər yaşamağa başlayıb. “S&P 500”də gəlirlərini avro və yen ilə hesablayan investorlar ilin əvvəlindən bu yana 6-14 faiz itiriblər.
Həm “Morgan Stanley”, həm də “Bank of America Corp.” getdikcə daha çox müştərisinin dollar itkilərinə qarşı qorunma almaq istədiklərini açıqlayıb. Parisdə yerləşən “Group Richelieu”dan Aleksandr Hezez, təşkilatın fondlarında dollara qarşı hedcinq mövqelərinin icazə verilən maksimum həddə çatdığını söylədi.
Bununla belə, “State Street Corp.” ABŞ səhmlərində xarici investorlar üçün ümumi valyuta hedcinq əmsalı 23 faiz təşkil edir ki, bu da saxlama məlumatlarına görə 2020-ci ildə müşahidə edilən 50 faiz səviyyəsindən xeyli aşağıdır. “Bank of America” strateqləri hesab edir ki, investorlar pandemiyadan əvvəlki hedcinq səviyyələrinə qayıtsalar, bu, ABŞ-a aid olmayan əlavə 5 trilyon dollarlıq səhm mövqelərinin bağlanması demək ola bilər.
“JPMorgan Private Bank”ın qlobal valyuta strategiyasının rəhbəri Sam Ziyf, bu məsələ ilə bağlı məsləhət almaq istəyən müştərilərdən uzun müddət ərzində olduğundan daha çox müraciət aldığını söyləyib. Dolların ucuzlaşacağını gözləyən investorlar tez-tez fyuçers bazarında satış edirlər.
İsveçrə frankı və ya yen əsaslı investorlar üçün üç aylıq hedcinq dəyəri illik əsasda təxminən 4 faiz, avro əsaslı investorlar üçün isə 2 faizdən yuxarıdır.