Vaxt.Az

Pezeşkiandan iki tələb


 

Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb

Pezeşkiandan iki tələb İranın Ədliyyə Orqanı Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam edilməsi ilə bağlı bütün zəruri hazırlıqların tamamlandığı haqda məlumat yayıb. Ədliyyə Orqanının sözçüsü Əsgər Cahangirin dedikləri isə İranın hökmün icrasında maraqlı olduğuna dair şübhələri ön plana çıxarır.

Əsgər Cahangir bildirir ki, İran qanunvericiliyinə görə hökmün icrası üçün valideynlər və ya onların vəkilləri qisas tələbi ilə bağlı Məhkəmə Sisteminə müraciət etməli və ya hökmün icrası günündə iştirak etməlidir.

“İndiyə kimi nə valideynlər, nə də onların vəkilləri hökmün icrası üçün bizə müraciət etməyiblər. Odur ki, Məhkəmə Sisteminin tam hazır olmasına və yuxarıda qeyd olunan hökmdə müşahidə olunan hüquqi prosesə baxmayaraq, bu hökm hələ də icra olunmayıb”, – o deyib.

Bu, İranın yeni bəhanəsi kimi görünür. Pezeşkianın səfəri zamanı Bakıda İran prezidentinin qarşısında qoyulacaq ilk məsələlərdən biri terrorçunun edam edilməsi hökmü olacaq və bu məsələ rəsmi Bakının Tehranla münasibətlərin gələcəyinə yanaşmasına təsir edəcək. Bunu anlayan Tehranın Pezeşkianın səfərindən bir gün öncə “hökmün icrasına tam hazırıq” açıqlaması Azərbaycanı sakitləşdirməyə və İran prezidentinin Bakıda cavab manevrini genişləndirməyə hesablanıb. Və hökmün icra edilməməsinin səbəbi kimi “öldürülən şəxsin (səfirliyin əməkdaşı) valideyni, yaxud vəkilinin İrana müraciət etməməsi” göstərilməklə yeni “bəhanə” irəli sürürlər.

İstisna deyil ki, Bakıda Pezeşkiana bu məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyi birbaşa təqdim ediləcək. Lakin hökmün icra edilməsi hələ də sual altındadır, çünki hücumun arxasındakı İran isteblişmenti bunda maraqlı deyil və məsələ Pezeşkianın səlahiyyətlərini aşır.

 





28.04.2025    çap et  çap et