Vaxt.Az

Nazirdən gözlənilən əmr


 

Müəllimlərin işə götürülmə qaydasında dəyişiklik

Nazirdən gözlənilən əmr Aprelin 21-də təhsil naziri Mikayıl Cabbarov «Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə» əmr imzalayıb. Vaxt.az nazirliyin saytına istinadən xəbər verir ki, M.Cabbarovun əmrinə əsasən, «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları», «Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu» və digər müvafiq sənədlər təsdiq edilib.

Bu əmrlə 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibi də təsdiqlənməlidir.

İnsan resursları şöbəsinə (F.Qədirov), İlk peşə və orta ixtisas təhsili şöbəsinin ilk peşə-ixtisas təhsili sektoruna (N.Məmmədov) ümumtəhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etmək və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin etmək tapşırılıb. Nazirin əmri ilə 1-10 iyun 2014-cü il tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 1-15 iyul 2014-cü il tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu təşkil olunacaq. Əmrdə eyni zamanda yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərlərinə verilmiş tapşırıqlar da öz əksini tapıb. Onlara tapşırılıb ki, 2014-cü il may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim etsinlər.

 

- Müsabiqə nəticəsində yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin etsinlər.

 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin»Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında» 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunacaq müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlərin vaxtında verilməsini təmin etsinlər.

- Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq yerini dəyişən və yeni işə qəbul olunan, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə yazılı məlumat təqdim etsinlər» - deyə əmrdə bildirilib.

 

İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin İnternet saytında «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsində bu əmrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini, vakant yerlər haqqında məlumatın «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etməlidir.

 





22.04.2014    çap et  çap et