Maraqlı məqam isə başqadır. Belə ki, meydan sahibi “Şəfa” tribunaya girişi öz azarkeşləri üçün pulsuz edib, amma qonaqlar üçün 1 biletin qiymətini 10 manat məbləğində təyin edib. O pula heç elitada camaat bilet almır, qalmışdı II Liqa üçün eyni xərcə düşəsən. Bir neçə il əvvəl “Neftçi” bu cür addım atmış, “Qarabağ”la oyuna bileti qonaqlar üçün 50 manata təyin etmişdi. O vaxt Ağdam klubunun rəhbərliyi 700 nəfər üçün xərcə düşmüş, komandasını dəstəksiz qoymamışdı. Qələbəni də “Qarabağ” qazanmış (3:2), çempionluğu qeyd etmişdi.
“Şəfa” tərəfi məsələyə bu cür şərh verib: “İlk dövrədə “Şahdağ Qusar” klubu bizim azarkeşləri stadiona ancaq bilet əldə etdikdən sonra buraxacağını bildirmişdi. Biz isə öz növbəmizdə niyə məhz bizim azarkeşlər üçün bilet tələb olunduğunu və digər oyunlarda bilet olmadığını soruşanda dedilər ki, qərar belədir. Ardından bilet qiymətini 2 dəfə qaldırdılar. Biz problem etmədik, 200 bilet alıb oyuna gəldik. Biz də öz növbəmizdə “Şahdağ Qusar” ilə oyuna biletlə giriş olacağını elan etdik. Öz azarkeşlərimizə bilet və dəvətnaməni özümüz əldə edəcəyik. Bizim addımımızın onlara cavab olduğunu deməzdik, amma ümumi qərar budur”.
Məsələ aydındır, klubun bu addımı atmağa ixtiyarı var, amma Premyer Liqa ilə II Liqa, “Şahdağ Qusar”la “Qarabağ”ın maliyyə imkanları fərqlidir. 10 manat şimallı azarkeş üçün böyük məbləğdir. Qusar təmsilçisi bilet 2 manata satmışdısa, bakılılar 5 manata sata bilərdilər. 10 manat ciddi rəqəmdir və addımın məqsədli atıldığı da bəllidir.
Xoş hal deyil.
Digər tərəfdən rəqabətin böyüklüyü baş verənlərə rəvac verir. Cəmi 1 mövsümə, özü də II Liqada belə gərginliyin olması da maraqlıdır, fərqləndiriləsi məqamdır. Bu iki komanda gələn mövsüm I Liqada da üz-üzə gələcəklər, onda da bizi səs-küylü, hərarətli matçlar gözləyəcək.
O ki qaldı bu həftəsonu keçiriləcək matça, izləməyə dəyər. Siz də gəlin. Gələndə də özünüzü “Şəfa” azarkeşi kimi təqdim edin, yoxsa 10 manat xərcə düşəcəksiniz.