İsveç istehsalı olan uzaq məsafəli radiolokasiya aşkarlama təyyarəsi “Saab 340 AEW&C” Ukraynaya çatdırılıb və artıq Lvov səmasında ilk sınaq uçuşunu həyata keçirib.
“Saab 340 AEW&C” sadəcə kəşfiyyat təyyarəsi deyil, həm də aviasiya əməliyyatlarının idarə olunması üçün uçan qərargah funksiyasını yerinə yetirir. Belə bir təyyarə ilə birgə fəaliyyət göstərdikdə, Ukraynanın “F-16” qırıcıları döyüş şəraitində tam potensialını nümayiş etdirə biləcək.
Təyyarənin radar sisteminin instrumental aşkarlama məsafəsi 400 kilometr təşkil edir. Bu, kəşfiyyat təyyarəsinin pilotlara uçan hədəflərin, xüsusən də raketlərin dəqiq koordinatlarını ötürməsinə imkan verəcək.
Təyyarə 6 km hündürlükdə uçaraq, alçaq irtifada hərəkət edən hədəfləri, o cümlədən qanadlı raketləri effektiv şəkildə aşkarlaya bilir. Məlumatın real vaxt rejimində ötürülməsi sayəsində raketlərin zərərsizləşdirilməsi daha operativ şəkildə həyata keçiriləcək.