Rus imperiyasının mahiyyətinin dəqiq təsvir olunduğu bu məqalədə işğal zamanı Azərbaycan Xalq Cümhuriyyəti parlamentində təmsil olunan siyasi partiyaların mövqeyi, ermənilərin bolşevik Rusiyası ilə işbirliyi və s. məsələlər də əksini tapıb. Qərbin qırmızı imperiyaya münasibəti ilə bağlı müəllifin tənqidi fikirləri bu gün də aktuallığını qoruyub saxlamaqdadır: “Bu gün Milli Azərbaycan Cümhuriyyətinin Qızıl Rusiya tərəfindən işğal edildiyi və milli istiqlalının qəsb olunduğu gündür... Azərbaycan Sovet Rusiyasının fitnəsinin ilk məsum qurbanıdır.
32 ildən bəri Qızıl Rusiyanın bu türk ölkəsində həyata keçirdiyi vəhşilik, müharibə, talançılıq, dəhşət və Qızıl Moskvanın fitnələrinin mahiyyəti yalnız 25 il sonra Şərqi Avropa ölkələrinin: Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya,
Şərqi Almaniya, Estoniya, Latviya, Litvanın kommunist Rusiya imperatorluğunun müstəmləkəsinə çevrilərək daha müthiş bir məhvetmə və istismar siyasətinə məruz qalmaları nəticəsində Qərb dünyası həqiqəti dərk etmişdir.
Biz yaşadığımız iztirabların acısı ilə düz 32 il bağırıb, fəryad etdik. Lakin batıq səsimizi mədəni insanların qulağına yetişdirə bilmədik. Həyəcan siqnalına əhəmiyyət verməyən Avropanın gözü qarşısında və hətta onun yardımı ilə Qızıl
Moskva rejimi 35 ildə daha da gücləndi və fitnəkar təcrübəsilə canavarlaşıb, doymayan ehtirası ilə dünyanı udmaq üçün fürsəti əldən vermədi. Sovet Rusiyasının qanlı süngüsü bu gün bir hissəsi udulmuş Avropanın sinəsinə batırıldıqdan sonra artıq qərblilər və bütün dünya sarsılaraq Moskva təhlükəsi ilə üz-üzə qaldığını dərk etdi. Artıq indi bütün dünya bizimlə həmdərddir”.