Həm İranla Azərbaycan arasında zamanla yaşanan soyuqluq, həm Cənubi Qafqaz siyasətində İranın Ermənistan maraqlarını müdafiə etməsi, o cümlədən, Güney Azərbaycan problemi bu ölkənin Prezidentinin səfərinə önəm verilməsini şərtləndirirdi.
Pezeşkian haqda həm İran daxilində, həm də Quzey Azərbaycanda, yəni ölkəmizdə müxtəlif rəylər var.
Kimlərsə onu türkçü, millətçi, kimlərsə də İran teokratik rejiminin bariz nümayəndəsi hesab edir.
İran prezidentinin mütəmadi türk dilində şeirlər deməsini, öz milliyətinin türk olduğunu bəyan etməsini də molla rejiminin uzaqgörən siyasətinin tərkib hissəsi hesab edirlər.
Sadaladıqlarım mübahisəyə açıq məsələlərdir. Heç kim iddia edə bilməz ki, İranda bir türk millətçisi rejimin xeyir-duası olmadan hakimiyyətə gələ bilər. Və yaxud gəldikdən sonra bu tipli mesajlar verə bilər.
Amma və lakin....
Güney Azərbaycanda uzun illərdir, kimlik və azadlıq davası sürdürən insanlar, həmçinin bütövlükdə Güney Azərbaycan türkləri üçün bu mesajların əhəmiyyəti yoxdurmu???
Var, həm də olduqca böyük imkanlar açan faydalı mesajlardır.
1. Güney Azərbaycan türkləri rejimin ideoloji təbliğatı nəticəsində “iranlı” adı ilə milli köklərindən qoparılırdı.
Pezeşkianın milliyyəti ilə bağlı verdiyi mesajları ideolojiyə ciddi zərbədir.
2. Türk olduğunu açıq bəyan edənlər İranda yüksək vəzifələrə təyinat ala bilmirdilər, bunun üçün mütləq “iranlı” olmalı idilər.
Pezeşkianın milliyyəti ilə bağlı verdiyi mesajları bu tabuya ciddi zərbə vurdu. Türk olaraq hətta Prezident də seçilmək olarmış.
3. Türk və milli kimlik təbliğatı aparanlar İranda rejim tərəfindən cəzalandırılır və ya təqiblərə məruz qalırdı.
Pezeşkianın milliyyəti ilə bağlı verdiyi mesajları bu basqıları da zəiflətməyə böyük fayda verir.
4. Pezeşkian rejimin xeyir-duası ilə milliyyət və dil məsələsində razılaşdırılmış siyasət aparmış olsa belə, azadlıq uğrunda mübarizə aparan Güney Azərbaycan fəalları yeni bir stimul əldə edərək, millətimizin passiv və qorxan təbəqəsini prosesə cəlb etmək şansı əldə edib.
Bu mərhələdə meydanlarda insanlar olmasa da, oyanış gələcək illərdə özünü mütləq büruzə verəcək.
5. Türkiyə və Azərbaycan İran Prezidentinin verdiyi mesajları və ya etdiyi çıxışları efirlərdə tirajlamaqla, gələcəkdə Güney Azərbaycanda baş verəcək hər hansı ayaqlanmada bu ölkələrin xalqlarını prosesə seyrçi qalmamağa yönəlik istiqamətləndirir.
Başqa nəticələr də çıxartmaq olar.
Mən məsələnin ən sadə tərəflərinə toxundum.
SSRİ rəhbərliyinə Qorbaçov da gətiriləndə verdiyi mesajların bu ölkəni hara aparacağını, məqsədli və ya məqsədsiz olduğunu kimsə deyə bilməzdi.
Sonradan çoxlu fərziyyələr irəli sürənlər tapılır.
Lakin Qorbaçovun fəaliyyəti, verdiyi mesajları, hərəkətləri SSRİ kimi bir imperiyanı dağıtdı.
Kim bilir, bəlkə Pezeşkianın verdiyi bu mesajlar da Güney Azərbaycanın taleyini müəyyən edəcək, bəlkə İranı parçalayacaq, bəlkə federativ və ya konfederativ İranın yaranmasının şahidi olacağıq...
Kim bilir...
Biz verilən hər mesajdan millətimizin gələcəyi və böyük arzularımızın gerçəkləşməsi naminə faydamızı götürməliyik.
Paşinyanın verdiyi mesajlardan, hərəkətlərindən, siyasətindən Qarabağı necə azad edə bildiksə, (təbii ki, Xalq, Ordu, Şəhidlər, Ali Baş Komandan, ən başlıcası, aparılan doğru siyasət ) Pezeşkianın mesajlarından da o qədər yararlanmalıyıq.
Kim deyə bilər ki, Paşinyan Qarabağı geri vermək və ya Ermənistanı Azərbaycan torpaqlarından çıxartmaq istəyirdi?!
Varmı beləsi?
Pezeşkian yaxşı mesajlar verir.
Biz də yaxşı mesajları yaxşı dəyərləndirməliyik.
Politoloq, siyasətçi, azad insan, demokrat, liberal, mühafizəkar, təriqətçi, dinçi, məzhəbçi, qadın, kişi olmaqla yanaşı, hamımız AZƏRBAYCANLIYIQ.
HƏR ŞEY AZƏRBAYCAN ÜÇÜN!
HƏM DƏ BÜTÖV AZƏRBAYCAN ÜÇÜN - GÜNEYLİ, QUZEYLİ, GÖYÇƏLİ, ZƏNGƏZURLU, DƏRBƏND, BORÇALI, İRƏVAN, KƏRKÜKLÜ AZƏRBAYCAN ÜÇÜN...