Fransada istehlakçı hüquqlarını müdafiə edən “60 Millions de Consommateurs Association” (60 Milyon İstehlakçılar Birliyi) bazarlarda satılan 22 fərqli zeytun yağını laboratoriya analizini aparıb. Beş gün əvvəl dərc edilən araşdırmanın nəticələri həyəcan verici olub. Təhlil edilən bütün məhsullarda sağlamlığa zərər verə biləcək zərrəciklər aşkar edilmişdir.
Araşdırmalara görə, həm ənənəvi, həm də üzvi zeytun yağlarında plastifikatorların və neft karbohidrogenlərinin izləri olub. Xüsusilə plastikləri daha elastik etmək üçün istifadə edilən bu maddələrin insan sağlamlığına mənfi təsirləri məlumdur. Ftalatların hormonal sistemi poza bilən və bəzi xəstəliklərin inkişafına təkan verə bilən “endokrin pozucu” təsirlərə malik olduğu bildirilir.
Bəzi markalarda DEHT (Di-etilheksil tereftalat) kimi alternativ plastifikatorlar olsa da, bu maddənin sağlamlığa təsiri haqqında hələ kifayət qədər məlumat yoxdur. Digər tərəfdən, DEHP (Di-etilheksil ftalat) kimi maddələr Avropa Kimya Agentliyi tərəfindən reproduktiv sağlamlıq və endokrin pozucular üçün birbaşa zərərli kimi təsnif edilir.
Tədqiqat zamanı həmçinin MOSH (doymuş mineral neft karbohidrogenləri) və MOAH (aromatik mineral neft karbohidrogenləri) kimi neft törəmələrinin də aşkar edildiyi bildirilib. Bu maddələr istehsal prosesində qida məhsullarına keçə bilər. MOSH maddələrinin qaraciyər və limfa sistemində toplana bildiyi, MOAH maddələrinin isə kanserogen olduğu bildirilir. Bəzi zeytun yağlarının MOAH tərkibi Avropa Birliyi tərəfindən qəbul edilən limitdən beş dəfə çox olub.