***
“Thecooldown.com”a görə, xüsusilə Avropa və Şimali Amerikanın kartof istehsal edən bölgələrində məftil qurdlarının populyasiyasının sürətlə artması narahatlıq doğurur.
Məsələn, Avstriyada fermerlər illik süfrəlik kartof istehsalının təxminən 10 faizini və ya 30.000 tonunu itirirlər. Bəzi sahələrdə zərər nisbəti 50 faizə qədər ola bilər. Böyük Britaniya və Kanadada da bu böcəklərin daha əvvəl rast gəlinmədiyi ərazilərə yayıldığı bildirilir.
Problemi daha da çətinləşdirən başqa bir amil xlorpirifos kimi ənənəvi insektisidlərin tədricən dayandırılmasıdır. Fermerlər bu vəziyyətə alternativ həll yolları axtarmağa başlayıblar.
“Potato News Today” redaktoru Luki Piters, "Məftil qurdları artıq müəyyən ərazilərlə məhdudlaşmır, o, yeni ərazilərə yayılır və təsiri artır. Bu, fermerlər üçün sürətlə böyüyən böhrandır", – deyib.
***
Məftil qurdlarının vurduğu zərər iqtisadi itkilərlə məhdudlaşmır. Bu zərərvericilər məhsulu məhv edir və bazara çıxarıla bilməyən məhsulları çoxaldır, fermerlərin gəlirlərini azaldır və istehlak qiymətlərini artırır.
Qlobal istiləşmə vəziyyəti daha da pisləşdirir. Temperaturun yüksəlməsi məftil qurdlarının həyat dövrünü uzadır, eyni zamanda azaldılmış əkin və örtük bitkilərinin istifadəsi kimi kənd təsərrüfatı üsulları bu zərərvericilər üçün ideal şərait yaradır.
Mütəxəssislərin fikrincə, tədbir görülməsə, məftil qurdlarının vurduğu zərər yaxın onillikdə 20-30 faiz arta bilər. Bu, gündəlik ərzaq məhsullarının qiymətinin sürətlə artmasına səbəb ola bilər.
Alimlər və fermerlər bu zərərvericiyə qarşı davamlı mübarizə üsulları üzərində işləyirlər. Məsələn, Avstriyada zərəri əhəmiyyətli dərəcədə azaltmaq üçün məftil qurdlarını yoluxduran və öldürən bir göbələk növündən tələ kimi istifadə olunur. Bildirilir ki, kartof sahələrinə bu kimi faydalı metodlar tətbiq etməklə zərəri 30 faizə qədər azaltmaq olar.
Əkin dövriyyəsi və torpağın monitorinqi kimi ağıllı əkinçilik üsulları da məftil qurdlarına nəzarət etmək üçün təsirli üsullardır. Bundan əlavə, məftil qurdlarına davamlı kartof sortlarının yaradılması ilə bağlı araşdırmaların perspektivli olduğu, lakin bunun xeyli vaxt aldığı bildirilir.