Vaxt.Az

Pulu olan avropalı olurdu


 

Avropa Birliyi Maltanın bazarını bağladı

Pulu olan avropalı olurdu Avropa Birliyi (AB) Maltanın bir müddətdir istifadə etdiyi “qızıl pasport” sisteminə son qoymaq qərarına gəlib. AB-nin ən yüksək məhkəmə orqanı Avropa Ədalət Məhkəməsi Maltanın “qızıl pasport” kimi tanınan uzunmüddətli investisiya üçün vətəndaşlıq proqramının Avropa prinsipləri ilə bir araya sığmadığına qərar verib. Məhkəmə Maltanı bu təcrübəyə son qoymağa çağırıb.

***

2014-cü ildən qüvvədə olan proqram 1 milyon avroya yaxın sərmayə qoyan əcnəbilərə Malta vətəndaşlığı almağa imkan verirdi. Bu vətəndaşlıq sayəsində müraciət edənlər təkcə Maltada deyil, bütün AB ölkələrində yaşamaq və işləmək hüququ qazanırdılar. Bununla belə, Avropa Komissiyası 2022-ci ildə bu təcrübənin AB-nin fundamental dəyərlərinə zidd olduğunu əsas gətirərək məsələni məhkəməyə verdi.

Avropa Ədalət Məhkəməsi üzv dövlətlərin öz vətəndaşlıq siyasətlərini müəyyən etmək hüququnun olduğunu vurğulasa da, Malta təcrübəsinin "vətəndaşlığı ticarət obyektinə endirdiyi" və AB daxilində qarşılıqlı etimadı sarsıtdığı fikrini bölüşür.

“Əvvəlcədən müəyyən edilmiş sərmayə və ya ödəniş müqabilində vətəndaşlığın verilməsi fərd və üzv dövlət arasında təbii bağın və həmrəylik münasibətlərinin formalaşmasına mane olar. Bu, AB daxilində qarşılıqlı etimadı sarsıda bilər”, – qərarda deyilir.

Başqa sözlə, məhkəmənin fikrincə, Maltanın təcrübəsi təkcə milli məsələ deyil, Avropa Birliyini təhdid edən problemdir.

 





29.04.2025    çap et  çap et