Azərbaycanlı qadın əcnəbi ilə evlənəndə, uşaqları yoldaşının mədəniyyətinə əsasən böyüdür. Azərbaycanlı kişi əcnəbi qadınla evlənəndə əlləşir-vuruşur, ailəsini təmin edir, əcnəbi qadın uşaqları öz mədəniyyətinə görə tərbiyə edir.
Türklər ümumiyyətlə, ərəb, fars və rus mədəniyyətini üstün qəbul edir, assimilyasiya olur, o mədəniyyətə xidmət edirlər.
Səbəbi o ola bilər ki, biz türklər yazı-mətn mədəniyyətinə keçməmişik. Şifahi xalq ədəbiyyatı, folklorik çağda yaşayırıq. Öz mətnlərimizi-mədəniyyətimizi yarada bilmir, vaxtımızı başqa mətnlərin şərhinə həsr edirik.
Dombra musiqisiylə döyüş klipləri çəkir, Kürşatın Çin sarayını şturmla götürdüyü kimi, beynimiz çönəndə istədiyimiz qəhrəmanlığı edə biləcəyimizə inanırıq.
Quzeylilər umur ki, hər bir güneyli müstəqil olmaq və Şimala birləşmək istəsin.
Müstəqil Quzeyin Güneyə dair hansısa konsepsiyası varmı?
“Heydərbaba” , “Xudafərin körpüsü”, saz musiqiləri. Bunlar giriş üçün, motivasiya üçün, tədbir açılışı üçün çox lazımlıdır. Ancaq ilk mərhələdən sonra, ciddi söhbətə başlamaq üçün ciddi mövzumuz varmı?
Müstəqil Şimal güneylilərə də xitab edən, ortaq tarixə dair diskurs, sənədli film, ana dilində ciddi mətnlər ortaya qoyurmu?
“Münasibətlər yaxşı olanda sakit durun, münasibətlər gərginləşəndə sizə işarət verəcəyik”-bu strategiya deyil, taktiki addımdır və effekti getdikcə azalacaq.
Güneylilər modernizm davası edirlər, “Geyimə və inanca qarışmayın, ana dilində təhsil imkanı təmin edin” deyirlər.
Quzeylilər yeni və köhnə mollaları, saxta filosofları səfərbər edib, rus-fars-ərəb təbliğatına qoşulub “Qərb dəyərləri” adıyla modernizmə söyürlər.
Güneyli ordan bura baxanda, arada ciddi fikir fərqi görməyəcəkmi?
Bizim tariximizin ən parlaq səhifəsi modernizm istiqamətində ciddi addımlar atdığımız dövrdür. Modernizmi inkar etmək, bizi ərəb-fars-rus kültüründə əriməyə aparmırmı?
Türk mədəniyyəti qadın-kişi bərabərliyi, qurultayla qərar almaq, şamançılıqdakı ekoloji təfəkkür-xeyli modernist deyilmi?
Güneylilər müstəqil dövlətləri olan Şimala baxanda burda müzakirə olunan, bəşəriyyətin çoxdan həll etdiyi orta əsrlər problemlərinin müzakirə olunduğunu görəndə, nə düşünəcəklər?