***
Baş nazirin ofisi açıqlamasında bildirib ki, Modi silahlı qüvvələrə hücuma necə, nə vaxt və harada cavab verməsi ilə bağlı tam səlahiyyət verib. Hökumət Modinin müdafiə naziri Rajnath Singh ilə görüşünün görüntülərini də yayıb.
Həmin gün Kəşmirdə faktiki sərhəd olan Nəzarət Xətti (LoC) boyunca Hindistan və Pakistan orduları arasında yenidən silahlı toqquşmalar baş verdi. Hindistan Pakistanı “atəş açmaqda” günahlandırarkən, Pakistan Hindistan pilotsuz təyyarəsini vurduğunu iddia edib. Yeni Dehli iddiaya münasibət bildirməyib.
Hindistan aprelin 22-də Kəşmirin turistik Pahalqam bölgəsində 26 mülki şəxsin həlak olduğu hücumda Pakistanı günahlandırır, İslamabad isə ittihamları rədd edir. Hadisədən sonra tərəflər təkcə sərhəddə deyil, diplomatik arenada da qarşı-qarşıya gəliblər. Vətəndaşların qarşılıqlı deportasiyası, diplomatik bəyanatlar verilməsi və quru sərhəd qapısının bağlanması kimi addımlar atılıb.
Baş nazir Modi dünyanın harasında olurlarsa olsunlar, hücuma görə məsuliyyət daşıyanları və onların tərəfdarlarını tapacaqlarını söyləyib: “Dünyaya səslənirəm: Hindistan hər bir terrorçunu və onların tərəfdarlarını müəyyənləşdirəcək və cəzalandıracaq. Biz onları dünyanın sonuna qədər təqib edəcəyik”.