İran rejimi illərdir Güney Azərbaycan türklərinə qarşı sistemli assimilyasiya siyasəti aparır. Urumiya gölünün qurudulması, ətraf mühitin məhv edilməsi sadəcə ekoloji fəlakət deyil. Bu həm də bir millətin yaşadığı coğrafiyadan məhrum edilməsidir. Türk dili və mədəniyyəti məktəblərdən, universitetlərdən, rəsmi instansiyalardan silinib, tariximiz təhrif olunub, mədəni irsimiz yox sayılıb. Millətimizin ən sadə hüquqları belə, təhlükəsizlik problemi adı ilə basdırılıb, fəallar zindanlara atılıb.
Belə bir rejimin başçısının türkcə bir beyt oxuması, nə niyyətin səmimiliyinə dəlalət edir, nə də uzunmüddətli siyasətin dəyişdiyinə işarədir. Bu, sadəcə millətin duyğularını istismar etmək, bir neçə gündəlik təbliğat qazancı uğuruna səslənmiş boş bir ritorikadır.
Əgər həqiqətən də bu sistem, Güney Azərbaycan türklərinin varlığına hörmət edirsə, o zaman türk dilində təhsilə icazə versin, milli fəalların səsini boğmaqdan imtina etsin, tariximizi təhrif etmək əvəzinə öyrətsin. Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları danışmalıdır.
Unutmayaq: şeir gözəldir, amma siyasi riyakarlığın pərdəsi olduqda, aldanmaq deyil, ayılmaq lazımdır.