Əvvəlki araşdırmada Segun Aroyehun və Almaniyanın Konstanz Universitetindəki həmkarları, ABŞ Konqresinin üzvlərinin sosial media yazılarında dəlillərə əsaslanan dildən emosiyaların əsas olduğu inanc və intuisiyaya əsaslanan bir dilə keçid müəyyən ediblər.
Bu keçidin köklərinin nə qədər geriyə getdiyini araşdıran komanda, süni intellektdən istifadə etməklə son 140 ildə ABŞ Konqresində edilən 8 milyondan çox çıxışın mətnini təhlil edib. Bəzi açar sözlər dəlilə və ya intuisiyaya müraciət etməsinə görə müəyyən edilib və hər birinə bal verilib.
Məsələn, təhlil, məlumat, tapıntı, araşdırma kimi sözlər dəlilə əsaslanan dilə aid edilirdi. İntuisiya dilinə perspektiv, sağlam düşüncə, təxmin və inanc kimi məfhumlar əlavə edilib.
1940-cı illərdən sonrakı 30 illik dövrdə dəlillərə əsaslanan dilin gücləndiyi, 1970-ci ildən sonra isə intuisiyanın siyasi müzakirələrdə müəyyənedici amil olduğu görülüb.
Aroyehun eyni tendensiyanın həm demokratlarda, həm də respublikaçılarda müşahidə edildiyini və demokratların son vaxtlar daha çox sübut dilinə müraciət etdiyini vurğulayıb.
“Biz tez-tez yalan danışan bəzi siyasətçilərin niyə vicdanlı insanlar kimi göründüyünü öyrənmək istədik. Onların çox vaxt dediklərinə inandıqları və səmimi olduqları düşünülür”, – deyə tədqiqatçı aparıcı müəlliflərindən biri olduğu yeni məqalə haqqında danışıb.
Komanda Almaniya və İtaliyadakı söhbətləri oxşar şəkildə araşdırmağı və müqayisə etməyi planlaşdırır.