Vaxt.Az

Gözlənilən imza atıldı


 

Tramp avtomobil tarifləri ilə bağlı sərəncam verdi

Gözlənilən imza atıldı ABŞ prezidenti Donald Tramp avtomobil tariflərinin təsirini yumşaltmağa yönəlmiş sərəncam imzalayıb. Ağ Evin paylaşdığı sənəddə, yeni tənzimləmənin eyni idxal malına birdən çox gömrük rüsumunun tətbiqinin qarşısını almaq üçün edildiyi bildirilib.

Bildirilib ki, sərəncam avtomobil ehtiyat hissələrinin, alüminium və poladın idxalına tətbiq edilən rüsumları, şimal və cənub sərhədlərinə qanunsuz narkotik axınının qarşısının alınmasını nəzərdə tutur.

Eyni idxal məhsuluna birdən çox rüsum tətbiq edildiyi halda hansı tarifin qüvvədə olacağının müəyyən edilməsi qaydasını müəyyən edən sərəncamda avtomobil tariflərinə tabe olan məhsulun digər tariflərdən azad ediləcəyi qeyd edilib.

Digər tərəfdən, ABŞ Ticarət Departamenti səlahiyyətlisi, mayın 3-də qüvvəyə minəcək avtomobil ehtiyat hissələrinə 25 faizlik tarifin tətbiq ediləcəyini, lakin ABŞ-da tamamlanan avtomobillərin bu vergilərdən qismən endirim ala biləcəyini söyləyib.

ABŞ prezidenti Tramp Ağ Evdən çıxarkən məsələ ilə bağlı mətbuata açıqlama verərək, keçid dövründə avtomobil istehsalçılarına kömək etmək istədiklərini bildirib.

ABŞ Maliyyə Naziri Skott Bessent də dünən Ağ Evdə iştirak etdiyi mətbuat brifinqində Trampın həm yerli, həm də xarici avtomobil istehsalçıları ilə danışıqlar apardığını və avtomobil istehsalını ABŞ-a qaytarmaqda qərarlı olduğunu vurğulayıb: "Beləliklə, biz avtomobil istehsalçılarına bunu tez, səmərəli şəkildə yerinə yetirmək və mümkün qədər çox iş yeri yaratmaq üçün icazə vermək istəyirik”.

ABŞ prezidenti Tramp martın 26-da ölkəyə gətirilən avtomobillərə, yüngül kommersiya avtomobillərinə və əsas avtomobil hissələrinə 25 faiz gömrük rüsumunun tətbiq edilməsi haqqında sərəncam imzalamışdı.

 





30.04.2025    çap et  çap et