İqtisadi Məsləhətçilər Şurasının sədri olan Miran ötən həftə Ağ Evin ofis binasında yüksək səviyyəli hedcinq fondunun nümayəndələri və digər böyük investorlarla görüşüb.
Məsələ ilə bağlı məlumatlı mənbələrin verdiyi məlumata görə, bəzi iştirakçılar keçirilən iclası səmərəsiz hesab ediblər. İki nəfər Miranın tariflər və bazarlarla bağlı açıqlamalarını uyğunsuz və ya natamam adlandırıb, biri isə Miranın mövzu ilə bağlı kifayət qədər məlumatlı olmadığını bildirib.
Görüşdən xəbəri olan başqa bir şəxs administrasiyanın tənzimləmələrin yüngülləşdirilməsinə və vergilərin azaldılmasına yanaşmasına daha müsbət baxıb.
Təxminən 15 iştirakçı arasında “Balyasny”, “Tudor” və “Citadel hedcinq” fondlarının nümayəndələri, həmçinin “PGIM” və “BlackRock” aktiv menecerləri var idi. “Citigroup” tərəfindən təşkil edilən tədbir Beynəlxalq Valyuta Fondunun yaz toplantısı ilə eyni vaxta təsadüf edib.
“Administrasiya rəsmiləri ticarət və iqtisadi siyasətlərimizlə bağlı biznes liderləri və sənaye qrupları ilə müntəzəm əlaqə saxlayır. Lakin administrasiyanın və prezident Trampın qərarları Amerika xalqının maraqlarını rəhbər tutur”, – Ağ Evin bəyanatında deyilir.