«Bu şəxs Elton Məmmədovun yaxın çevrəsində olan adamdı. Onun daima kortejindədir. Elton Məmmədovun oğlu Aynar da həmin avtomobili etibarnamə ilə sürür. Sual yaranır - 2 saat içində Elton Məmmədov bu şəxsi haradan tapdı? Və tanımadığı adam ona öz texpasportunu nə tez verdi? Digər tərəfdən - görəsən Elton Məmmədovun adını həyatda bir mülk, ev maşın varmı? Varsa, təqdim etsin. Guya onun yaşadığı villalar öz adınadır? Dükanları, mülkiyyəti öz adınadır? Kimi ələ salır? Amma ona qəti sözüm budur ki, oğlu daha bu maşına minməsin, yoxsa şəklini çəkib nümayiş etdirəcəm. Xalqıma bir xidmətim oldu, xalqın əlindən alınmış bir əmlakı elə oliqarxların əlindən alıb xalqa qaytardıq»
Qeyd edək ki, bir neçə gündür mətbuatda 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilin avtoşluq kadrları yayılır. Maşını sürənin Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov olduğu deyilir. Aynarın atası isə bu xəbərləri yazanları sifarişdə ittiham edərək maşının onlara məxsus olmadığını iddia edir.
Bu arada publika.az saytı «10 LZ 100» dövlət nömrə nişanlı «Nissan Skyline GT-R35» markalı avtomobilin sahibi Bağırov Zaur Mətləb oğlu barədə qısa araşdırma aparıb. Məlum olub ki, Zaur Bağırov hazırda Nəqliyyat Nazirliyinin balansında olan «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Z.Bağırov Elton Məmmədovun ailəvi yaxın tanışıdır. Hətta, deputat Elton Məmmədov ilə Aynar Məmmədovun müxtəlif məkanlarda bahalı avtomobillərdə və dəbdəbəli həyat tərzlərini əks etdirən birgə fotoları da var.
Elton Məmmədov isə az öncə aznews.az-a açıqlamasında belə deyirdi: «Bu maşını idarə edən gəncin atası mənimlə əlaqə saxlayıb. O dedi ki, razı olmaram, bizim uşağımıza görə sizin övladınızın adı mətbuatda «avtoş» kimi hallansın və sözü gedən maşının texniki pasportunu KİV-lərdə dərc etmək üçün mənə göndərdi. Mən də sizin vasitənizlə həmin avtomobilin dövlət sənədinin kimə məxsus olduğunu təsdiq edən texniki pasportu nümayiş etdirirəm. Buyurun baxın. Qoy bu yalan xəbərləri yayan o, Eynulla da bu sənədlə tanış olsun. Və əgər vicdanlı jurnalistdirsə, dediyi sözünə əməl edərək, jurnalistikaya xələl gətirdiyi üçün bu sahədən getsin».
Maraqlıdır, görəsən, Elton Məmmədovun növbəti açıqlaması olacaqmı?..