Birinci mərhələdə “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə, yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvaidən Abşerona 500 kilovoltluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. İcra qrafikinə əsasən 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb və birinci mərhələ üzrə işlərin 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bununla, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının enerji-sistemə qoşulması öhdəliyi yerinə yetiriləcək.
Bu böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur. Dünya bankının krediti hesabına “Nəvai” yarımstansiyasının 500 kilovoltluq tərəfinin və yarımstansiya üçün transformator və əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən yarımstansiyadan Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron, və Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin isə 3 il müddətinə icra olunması nəzərdə tutulub.