Vaxt.Az

Sözə sığmayan kəlmələr


 

Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu

Sözə sığmayan kəlmələr Cild-cild kitabların kəlmələrlə təsvir edə bilmədiyi həqiqəti, kameralardan, romanlardan, diplomatlardan, konfranslardan daha dərindən anlatdı Gülməmməd.

Onun hərəkətləri, gözlərindəki torpaq qoxulu kədər, bəhs etdiyi  o dağılmış evin hekayəsi – bu, təkcə bir evin deyil, bir millətin ömürdən uzun ağrısının səsidir.

Cəbrayılın Tatar kəndində, zamanın unudulmuş sanılan, amma hər qətrəsində inam, xatirə və nisgil olan daşları arasında durmuşdu o. Əlləri torpaqlı, baxışları uçmuş divarlarda. Hər daşı tanıyırdı – bu daş anamın ocaq başı idi, bu divar bacımın yuxularıdır, bu həyət atamın alın təri...

Heç bir dramaturq bu qədər dürüst yaza bilməz. Heç bir jurnalist bu qədər içdən danışa bilməz. Çünki bu, yazılmır — yaşanır.

Və Gülməmməd yaşamışdı, yaşayır və bundan sonra xürrəm yaşayacaq...

Bu, işğaldır – təkcə torpağın deyil, yaddaşın, xatirələrin, uşaq gülüşlərinin, toy mahnılarının, şəhid səslərinin işğalı.

Bu, Qarabağdır – tankların izinə qarışmış məktəb yolları, güllə izləri ilə susmuş laylalar, dağıdılmış məscidlərdə azanı gözləyən daşlar.

Bu isə Gülməmməddir – gözləri ilə bütün bu dağıntılara “mən səni tərk etmədim, unutmadım, döndüm” deyən bir Azərbaycan türkü.

Qarabağ – təkcə bir coğrafiya deyil. Qarabağ, Gülməmmədin qəlbidir, nəbzidir, nəfəsidir. Geri dönən hər addım, hər nəfəs bu ürəyin döyüntüsüdür.

Dünya anlamasa da, biz anlayırıq. Çünki bu, bizim əlimizlə toxunmuş, gözümüzlə gördüyümüz, ruhumuzla yaşadığımız tarixdir.

Bizim Gülməmmədimiz var. Bizim Qarabağımız var.

Unutmadıq, unutmayacağıq...

Yaşamaq, yaşatmaq üçün...

 





30.04.2025    çap et  çap et