Vaxt.Az

Atəşkəs ümidlərinə nöqtə qoyuldu


 

“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”

Atəşkəs ümidlərinə nöqtə qoyuldu Kreml Ukrayna ilə sülhün yalnız birbaşa danışıqlar yolu ilə əldə oluna biləcəyini bəyan edib, vasitəçiliyinə görə ABŞ-a təşəkkür edib, lakin vazkeçilməz məqsədlərindən geri çəkilməyəcəyini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov Ukraynadakı müharibənin həlli ilə bağlı açıqlamasında bildirib ki, sülhün bərqərar olması üçün əsas həmsöhbət ABŞ deyil, Ukraynadır.

“Həll ABŞ-la deyil, Ukrayna ilə tapılmalıdır”, – Peskov bildirib. O, Moskvanın birbaşa danışıqlara hazır olduğunu və bu istiqamətdə Kiyevdən cavab gözlədiyini bildirib.

Kremlin sözçüsü münaqişənin “mürəkkəb səbəbləri” olduğunu deyib və əlavə edib ki, belə bir proses vaxt aparacaq, lakin diplomatik kanallar hələ də mövcuddur.

Peskov ABŞ-ın vasitəçiliyi ilə bağlı “Biz bu mövzuda Amerika ilə çox intensiv işləyirik”, – deyib.

***

Kremlin sözçüsü açıq şəkildə bildirib ki, Rusiya sülhə nail olmaq istəyir, lakin Ukraynadakı məqsədlərindən əl çəkməyəcək.

Rusiya prezidenti Vladimir Putinin həll yolu ilə bağlı diplomatik təşəbbüslərə açıq olduğunu deyən Peskov, “Bu məqsədlərə sülh yolu ilə nail olmaq daha məqsədəuyğun olardı”, – deyib.

Tramp ötən həftə Ukraynanın paytaxtı Kiyevə edilən və onlarla mülki şəxsin həlak olduğu hücumdan sonra verdiyi açıqlamada “Bəlkə Putin sülh istəmir. Bəlkə də sadəcə məni dayandırır”, – demişdi.

ABŞ dövlət katibi Marko Rubio “Yaxın günlərdə sülh danışıqlarında irəliləyiş olmasa, ABŞ vasitəçilikdən çəkiləcəyini”, – açıqlamışdı.

Lakin Moskvanın son mesajı ABŞ-ın vasitəçilikdən çəkilmə xəbərdarlığından narahat olmadığını və müharibənin davam edə biləcəyini göstərdi.

 





30.04.2025    çap et  çap et