Boltonun sözlərinə görə, mövcud vəziyyət Putinə mümkün sülh danışıqlarında daha çox güzəşt qoparmağa imkan verəcək. Keçmiş müşavir bu siyasətin Rusiyaya qonşu olan digər ölkələr üçün də təhlükəli olduğunu bildirib. Çünki, Putin Ukrayna ilə kifayətlənməyəcək, onun planları daha geniş coğrafiyanı əhatə edəcək. Bolton bu sırada Cənubi Qafqaz, o cümlədən Azərbaycanın adını çəkib. Onun sözlərinə görə, Rusiya Azərbaycan, Gürcüstan və Ermənistan təsir dairəsində saxlamaq istəyir.
Con Boltonun söylədiyi kimi, Kremlin Ukrayna müharibəsindən sonra Cənubi Qafqazla bağlı “xüsusi planı” ola bilər. Gürcüstanın hazırda Qərblə münasibətlərində soyuqluq mövcud olsa da, Tbilisi Cənubi Osetiya və Abxaziyaya görə, Kremllə diplomatik münasibətləri bərpa etmək istəmir. Ancaq Rusiya rəsmiləri əlaqələri bərpa etmək məqsədilə Tbilisiyə mesaj göndərməkdə davam edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə iqtisadi zəmində bağlı olsa da, hərbi və təhlükəsizlik sahəsində fərqli siyasətə üstünlük verir. Ancaq baş nazir Nikol Paşinyanın ölkə içində mövqeləri getdikcə zəifləyir və əgər Kreml Ermənistanda növbəti parlament seçkisində erməni tərəfdarlarından birini hakimiyyətə gətirə bilərsə, Moskvanın İrəvanı yenidən forpostu halına gətirməsinə heç nə mane olmayacaq. Bu vəziyyətdə Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməlidir. Digər tərəfdən Nikol Paşinyan Konstitusiyada zəruri dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalayarsa Rusiyanın Cənubi Qafqaza təsirini minimuma endirmək mümkün olacaq və bu halda Boltonun proqnozu doğrulmayacaq.