Vaxt.Az

Şarj etmək tarix olur


 

50 illik batareyanın kütləvi istehsalına başlanır

Şarj etmək tarix olur Pekində yerləşən “Betavolt” texnologiya startapı enerji sektorunda əsaslı inkişafa imza atıb. Şirkət 50 il texnoloji cihazları, xüsusilə də mobil telefonları enerji ilə təmin edə bilən atom enerjisi batareyasının kütləvi istehsalına başladığını açıqlayıb.

“Betavolt”dan edilən açıqlamaya görə, “BV100” model akkumulyator şarj və ya texniki xidmət tələb etmədən 50 il işləyə biləcək. Hazırda 15x15x15 millimetr ölçülərində istehsal olunan akkumulyator 100 mikrovat güc və 3 volt gərginlik təmin edir.

Bir il əvvəl təqdim edilən bu inqilabi miniatür batareya nikel-63 izotopunun radioaktiv parçalanması nəticəsində ayrılan enerjidən istifadə edir. “Betavolt”un BV100 batareyası yalnız sikkə ölçüsündədir və enerji istehsalı üçün heyrətamiz bir gücə malikdir.

***

Batareyanın içərisində nikel-63 təbəqələri arasında sıxışdırılmış bir kristal yarımkeçirici materiallar var. Bu struktur sayəsində akkumulyator 3300 meqavat-saat enerji saxlaya bilir və ənənəvi litium batareyalardan on qat daha çox enerji sıxlığı təklif edir.

Batareya tibbi cihazlardan müdafiə texnologiyalarına, uzaq rabitə vasitələrindən kosmik texnologiyalara qədər bir çox sahədə inqilab etmək potensialına malikdir. Bununla belə, eyni zamanda, zərərli istifadələr və təhlükəsizlik problemləri də texnologiya ictimaiyyətinin gündəmindədir.

Hazırkı vəziyyətdə olan akkumulyator hələ noutbuk və ya smartfonu enerji ilə təmin etmək iqtidarında olmasa da, daimi enerji tələb edən kiçik qurğular və dronlar üçün kifayət qədər uyğundur.

Gələcəkdə daha güclü modellər hazırlamağı hədəfləyən “Betavolt”, 2025-ci ilin son rübünə qədər batareyanın 1 vattlıq versiyasını təqdim etməyi planlaşdırır.

 





30.04.2025    çap et  çap et