Budəfəki hadisə Çinin şimalındakı Şansi əyalətində yaşayış massivində baş verib. Hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb. Partlayış günorta saatlarında Tayyuan şəhərində baş verib. Dövlət CCTV telekanalı partlayışın səbəbi ilə bağlı heç bir məlumat paylaşmayıb. Hadisə şahidləri bildiriblər ki, pəncərələr qırılıb və ətrafı tüstü dumanı bürüyüb.
“Weibo” sosial media platformasında paylaşılan görüntülərdə binanın qarşısında dayanmış avtomobillərin alov alması əks olunub. Sıx tüstünün yüksəldiyi, bəzi mənzillərin şüşələrinin sındığı müşahidə edilib.
Partlayışdan sonra əraziyə 210 yanğınsöndürən və 43 maşın göndərilib. Fövqəladə Hallar Nazirliyi axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi üçün hadisə yerinə qrup göndərib.
***
Partlayışdan cəmi bir gün əvvəl Çinin şimal-şərqindəki Liaoninq əyalətində restoranda baş verən yanğında 22 nəfər həlak olmuşdu.
Prezident Si Cinpin belə hadisələrin ciddi xəbərdarlıq olduğunu demişdi. O, yerli idarəçiləri böyük təhlükəsizlik qəzalarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırmışdı.
Liaoninqdə yanğının səbəbi hələ də araşdırılır. Səlahiyyətlilər qaz sızması və ya yanğını istisna etdiklərini bildiriblər.
CCTV-nin ilkin görüntülərinə görə, restoranda baş verən yanğında ölənlərin əksəriyyəti tüstüdən boğulub. Döşəmə və bəzək materiallarının tezalışan olması səbəbindən yanğın sürətlə yayılıb.
Son zamanlar Çində oxşar qəzaların daha tez-tez baş verdiyi müşahidə edilir. Aprelin əvvəlində Hebey əyalətində qocalar evində baş verən yanğında azı 20 nəfər həlak olmuşdu.