Vaxt.Az

Saxta araq, köhnə kolbasa


 

200 manata bəzəkli toy menyusu...

Saxta araq, köhnə kolbasa İstənilən xidmət sahəsindən şikayət edən kimi, o dəqiqə deyirlər ki, “ekonom”dur, ona görə belədir. Yəni ölsən də, qalsan da, budur.

Əvvəla ondan başlayaq ki, hər zümrə və sinif üçün təklif və xidmətlər mövcuddur. Kimin də nəyə imkanı çatır onu da alır.

Kimsə bahalı restoranda yemək yeyir, kimsə küçədə “dönər”. Amma bu o demək deyil ki, küçədə “dönər” alıb yeyən zəhərlənib ölməlidir.

Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycanda bahalı, yüksək səviyyəli xidmət də elə çox vaxt “ekonom”a bərabər vəziyyətdədir, adı var, özü yox.

İndi bu nəticənin səbəbi nədir, onu bilmirik.

Bəlkə yüksək rüsumlardır? Bəlkə vergilərdir? Bəlkə də sahibkarın acgözlüyü və dələduzluğundadır? Bəlkə onun bu cür fəaliyyətinə göz yuman dövlət qurumlarıdır?

Məsələn, elə bu ayın əvvəlində “Mona Liza” şadlıq sarayında saxta alkoqollu içkiləri “orijinal” adı ilə qonaqların qarşısına qoymuşdular. Buna kimi nə qədər belə geydirmə “Oneqin” süfrələrə gəlib, bunu bir sahibkar, bir də içib zəhərlənən müştərilər bilir.

Sağ olsun, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları, tez özlərini çatdırıblar hadisə yerinə, şadlıq sarayının mətbəxinə və zala baxış keçiriblər.

Hərtərəfli təftişdən sonra məlum olub ki, müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, kustar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan “Oneqin” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

Bu, agentliyin açıqlamasıdır.

Yəni agentliyin dili gəlməyib ki, desin, bu “Oneqin” elə saxtadır. İnsan sağlamlığı üçün təhlükəlidir. Hərlədib-fırladıb bəzəkli cümlələrlə təqdim edib ki, məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laboratoriya müayinələrinə cəlb olunub.

Lap “bəy tərifinə” oxşadı. Heç kim demir ha, təzə bəy avaradır, işi-gücü yoxdur, əksinə deyirlər ki, onun işsizliyinin səbəbini müəyyən etmək üçün bir qədər vaxta ehtiyacımız var. Elə bil, həm hamı bilir məsələ nə yerdədir, həm də elə bil ki, bilmir. Bəlkə də elə bu “Oneqin” elə “Mona Liza” şadlıq sarayının zirzəmisində “doldurulur”? Kim bilir?

Bundan savayı bəh-bəhli “Mona Liza” şadlıq sarayında agentliyin yoxlaması zamanı məlum olub ki, yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib.

Vallah, bu sahibkara halaldır. Adam daşdan pul çıxarır. Köhnə tullantı malları düzür “bahalı” süfrəyə verir millətə. Millət də, basıb-yeyir. Hələ bir maşının da pulunu ödəyir. Sonra da zəhərlənir, amma heç biri çıxıb restoranı məhkəməyə vermir. Məhkəmə məsələsinə qayıdacağıq.

Dünyanın heç bir yerində belə mexanizmi işlətmək mümkün deyil. İstənilən normal ölkədə həmin sahibkarı da, restoranın fəaliyyətində məsuliyyət daşıyan hər kəsi axırıncı qəpiyinə kimi cərimə edərdilər. Bizdə isə AQTA hələ nümunələri aparıb laboratoriyaya. İnşallah, 40 günə xəbər çıxar.

Mənə elə gəlir AQTA “Mona Liza”nın sahibindən çəkinir. Bu arada qeyd edim ki, sözügedən şadlıq sarayının Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus olması ilə bağlı mətbuatda çoxsaylı xəbərlər yer alıb. Belə baxsaq, ağsaqqal adamdır da, ona kim nə deyəcək ki? “Oneqin”ə də, Puşkinə də çətin ki, gözün üstə qaşın var desinlər...

İndi gələk belə hallarda məhkəməyə müraciət məsələsinə.

Hər kəs bilir ki, istənilən restoranı məhkəməyə versə də, verməsə də, sübut edə bilməyəcək. Birincisi toy və banket məclislərinin keçirilməsi ilə bağlı şadlıq sarayları, restoranlar heç bir ödəniş qəbzi vermir.

Necə sübut edəsən ki, hadisə filan yerdə olub, mənə təzminat ödə?!

Bir müddət əvvəl vətəndaş həyat yoldaşı ilə şəhərin tanınmış restoranlarının birində qidadan zəhərlənmişdi. Adam bir həftə AQTA-ya yazılı, şifahi müraciət etdi ki, “ay camaat, gedin yoxlayın”. On gün sonra AQTA-dan zəng gəlmişdi ki, “hadisə hansı restoranda baş verib?”

Bir müddət əvvəl Bakıda “Venesiya” şadlıq evində 50-dən çox şəxs zəhərləndi. Hətta kütləvi zəhərlənmə ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanıldı, müvafiq ekspertizalar təyin olundu.

Amma dünən yenə də “Venesiya” da vur-çatlasın toy olub.

Ona görə də, ekonom-biznes demədən başınıza çarə qılın. Çalışın restoranlara getməyin. Nə bilirsən kimin çirkli əli, hansı qazana girir? İkincisi də toylara getməyin. Karta pul atın, getsin. Canınızı küçədən tapmamısınız ki? Yox, belə çox vacib məclisdirsə, evdə möhkəm yeyib gedin toya. Yoxsa “sroku” keçmiş kolbasa-pendiri 200 manatlıq menyu adı ilə yeməli olacaqsınız. Sonra da “Vağzalı” yerinə saxta “Oneqin” süfrələrdə fırlanıb toyu vaya çevirəcək.

Oxu.az

 





30.04.2025    çap et  çap et