Vaxt.Az

9 ilin zirvəsi


 

Qlobal qızıl tələbi birinci rübdə ən yüksək səviyyəyə çatıb

9 ilin zirvəsi Ümumdünya Qızıl Şurası 2025-ci ilin birinci rübünün "Qızıl Tələb Trendləri" hesabatını dərc edib. Hesabatda deyilir ki, qlobal qızıl tələbi ABŞ-ın tarifləri, geosiyasi qeyri-müəyyənlik, fond bazarında volatillik və zəif dolların təsiri ilə 2016-cı ildən bəri ən yüksək birinci rüb səviyyəsinə çatıb.

Hesabata görə, qlobal qızıl tələbi birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 1206 tona çatıb. Beləliklə, birinci rübdə qızıl tələbi 2016-cı ildən bəri ölçülən ən yüksək birinci rüb səviyyəsinə çatıb.

Bu dövrdə qızılın qiymət artımında qızılın birja fondlarından daxilolmalar mühüm rol oynayıb.

Mərkəzi bankların qızıl alışları birinci rübdə əvvəlki rüblə müqayisədə yavaşlayıb. Birinci rübdə mərkəzi banklar ümumilikdə 243,7 ton qızıl alıb.

Əvvəlki rübdə 344,7 ton olan investisiya məqsədi ilə qızıl alışları bu ilin birinci rübündə 551,9 tona yüksəlib. Qızıl sikkələrin və külçələrin alışı isə 325,4 ton təşkil edib.

Rekord qiymətlər fonunda qızıl-zinət əşyalarına tələbat kəskin şəkildə azalıb. Zərgərlik üçün istifadə edilən qızılın miqdarı 2020-ci ildə COVID-19 pandemiyası zamanı tələbin dayanmasından bəri ən aşağı səviyyəyə düşüb.

Qızıl qiymətləri 2025-ci ildə rekord həddə çatıb. Qızılın orta qiyməti birinci rübdə illik bazda 38 faiz artaraq 2860 dollar olub.

Qızılın qiymətinin artmasına səbəb olan əsas amillərin ABŞ tarifləri, geosiyasi qeyri-müəyyənlik, birjalardakı volatillik və zəif dollar olduğu müəyyən edilib.

 





30.04.2025    çap et  çap et