OECD-nin, UNESCO-nun və “Education International” kimi qurumların tövsiyələrinə görə, keyfiyyətli təhsil üçün tədris saatının çoxluğu yox, məzmunun dəqiqliyi, metodikanın düzgünlüyü və müəllimin hazırlıq səviyyəsi əsasdır. Bu təşkilatların dəfələrlə qeyd etdiyi kimi, dərs yükünün çoxluğu uşaqlarda həm fiziki, həm də psixoloji tükənməyə səbəb olur. Azərbaycanda artıq 6-cı sinifdən etibarən bir şagirdin həftəlik 32-34 saat dərsi var. Bu Avropa ortalamasından təxminən 20-25 faiz artıqdır. Məsələn, Finlandiyada ibtidai və əsas pillədə həftəlik dərs saatı 20-24 arasındadır və onlar PISA nəticələrinə görə dünyanın ön sıralarındadırlar.
Bizim uşaqlar isə hər gün 7-8 dərsdə fiziki olaraq tükənirlər. Yüklə dolu dərsliklər, anlaşılmaz təlim nəticələri, pərakəndə fənn proqramları, süni imtahan və monitorinq bolluğu. Belə bir sistemdə fənnin saatını artırmaq, sadəcə təhsilin yükünü daha da ağırlaşdırmaqdan başqa bir şey deyil. Üstəlik, bu saat artımı müəllimin əməkhaqqına cüzi təsir edə bilər, amma şagirdin qavrama səviyyəsinə sıfır dərəcəsində müsbət təsir göstərəcək.
Əgər doğrudan da ingilis dilinin tədrisi zəifdirsə – bu zəiflik onun dərs saatında deyil, təlim metodikasında, müəllimin hazırlığında, dərsliyin məzmununda və tətbiqi bacarıqların yoxluğundadır. Bunu artırmaq əvəzinə, dərs saatını artırmaq mexaniki və diletant yanaşmadır. İngilis dilindən 6 il dərs keçib “My name is Aygün”dən o tərəfə keçə bilməyən şagirdlərimiz bunun bariz sübutudur.
Azərbaycan təhsil sistemində təcili atılmalı olan addım dərs saatlarını artırmaq yox, yenidən qurmaqdır. Bəzi fənlər birləşdirilməli, zəruri olmayan fənlər ixtisar edilməli, proqramlar yüngülləşdirilməlidir. Dərsliklərdəki informasiya yükləri azaldılmalı, əzbərləmə deyil, düşünmə əsaslı məzmun formalaşdırılmalıdır. Bunun üçün məktəbdə öyrənməyə dəyər mühit qurulmalı, müəllimlərə real təlim, metodik dəstək verilməlidir.
Hazırkı qərar sübut edir ki, təhsil siyasətini həyata keçirən təşkilatlarda strateji planlama yox səviyyəsindədir. Təhsil təkcə dərs saatı artırmaqla islah olmur. Bunun üçün tədqiqat, pedaqoji baxış, psixoloji yanaşma və beynəlxalq təcrübənin analizinə əsaslanan kompleks islahat modeli tələb olunur.
Təhsildən xəbərsiz olanların verdiyi qərarlarla bu ölkənin gələcəyi təhlükə altına atılır. Təhsili oyuncağa çevirənlər sabah cəmiyyətin tənəzzülünə səbəb olacaqlar. Təhsil eksperiment meydanı deyil, cəmiyyətin onurğa sütunudur. O sütunu bu cür dayaz yanaşmalarla qırmaq olmaz.