Lakin orqanizmdə ilkin mərhələdə şişin spesifik simptomlarının olmaması səbəbindən onun diaqnozu hələ də çətindir. Hazırda prostat vəzinin istehsal etdiyi zülalın səviyyəsini ölçməklə xərçəngin aşkarlanması üçün PSA adlı qan testindən istifadə edilir.
Yüksək səviyyələrdə prostata spesifik antigen (PSA) zülalının olması prostat xərçəngi və digər xərçəng olmayan xəstəlikləri göstərə bilər.
PSA əsaslı skrininq tez-tez yanlış müsbət nəticələrə, lazımsız biopsiyalara və bəzən hətta buraxılmış diaqnozlara gətirib çıxarır.
Alimlər sidikdə prostat xərçənginin varlığını və şiddətini yüksək dəqiqliklə göstərə bilən markerlər dəstini müəyyən ediblər.
“Cancer Research” (Xərçəng Tədqiqatı) adlı akademik jurnalda dərc edilən son araşdırmaya görə, SPON2, AMACR və TMEFF2 adlı molekulları ehtiva edən bu markerlər prostat xərçəngini proqnozlaşdırmaqda PSA-dan çox daha dəqiq və spesifikdir.
Tədqiqatçılar qeyd edirlər ki, bu üsullar bədxassəli xəstəliyin müalicəsini fərdiləşdirmək üçün dərman hədəflərini müəyyən etməkdə də istifadə edilə bilər.
İsveçdəki Karolinska İnstitutundan tədqiqatın həmmüəllifi Mikael Benson, “Sidikdə biomarkerlərin ölçülməsi bir çox üstünlüklərə malikdir. Bu qeyri-invaziv və ağrısızdır, çox güman ki, evdə edilə bilər və nümunə klinik laboratoriyalarda adi üsullarla təhlil edilə bilər”.
Tədqiqatda elm adamları prostat şişlərindən götürülmüş minlərlə hüceyrədə mRNT molekullarının fəaliyyətini təhlil ediblər.
Tədqiqatçılar bu molekulları və onların fəaliyyətlərini bu hüceyrələrin hər birindəki xərçəngin yeri və şiddətinə uyğunlaşdırdılar.
Elm adamları daha sonra prostat xərçəngi üçün etibarlı markerlər kimi xidmət edə biləcək molekulları müəyyən etmək üçün süni intellektdən istifadə etdilər.
Onlar 2000-ə yaxın xəstənin qan, prostat toxuması və sidik nümunələrini təhlil edərək tapıntıları daha da təsdiqləyiblər.
“PSA-dan daha dəqiq olan yeni biomarkerlər prostat xərçəngi olan kişilər üçün daha erkən diaqnoz və daha dəqiq proqnoza imkan verə bilər. Bundan əlavə, sağlam kişilərdə lazımsız prostat biopsiyalarının sayını azalda bilər”, – Benson deyib.
Elm adamları, tapıntıların prostat xərçənginin diaqnozu üçün gen aktivliyi təhlili və süni intellekt kimi üsulların birləşdirilməsinin potensialını göstərdiyini söyləyirlər.
Tədqiqatçılar testi daha böyük, daha müxtəlif populyasiyalarda təsdiqləməyə və klinik tətbiq üçün inkişaf etdirməyə ümid edirlər.