Şirkətin daxili memosuna görə, “Air India” bu itkini kompensasiya etmək üçün federal hökumətdən maliyyə dəstəyi istəyib.
Pakistan ötən həftə Kəşmirdə turistlərə hücumdan sonra Hindistan aviaşirkətlərinə hava məkanından istifadəni qadağan edib.
Bu qərar Hindistan daşıyıcıları üçün yanacaq xərclərini artırdı və səyahət vaxtlarını uzatdı. “Air India”, 27 apreldə Mülki Aviasiya Nazirliyinə göndərdiyi məktubda iqtisadi itkiyə uyğun bir “subsidiya modelinin” hazırlanmasını istədi.
***
Şirkət Pakistanın hava məkanı qadağasının hər il 50 milyard rupi və ya təxminən 591 milyon dollar itkiyə səbəb olacağını təxmin edib.
“Təsirə məruz qalan beynəlxalq uçuşlar üçün subsidiya tətbiq oluna bilər. Bu ədalətli seçimdir. Vəziyyət yaxşılaşdıqdan sonra bu dəstək ləğv edilə bilər”, – məktubda deyilir.
“Air India”, artan yanacaq istehlakı və əlavə heyətə ehtiyac səbəbindən bu vəziyyətdən ən çox təsirlənən aviaşirkət olduğunu söyləyib.
Tata Qrupa məxsus şirkət dövlət mülkiyyətindən çıxdıqdan sonra çox milyard dollarlıq restrukturizasiya prosesindən keçib.
Lakin “Boeing” və “Airbus”dan təyyarələrin çatdırılmasında gecikmələr səbəbindən bu proses ləng gedir. Şirkət 2023-2024-cü maliyyə ilində 520 milyon dollar xalis zərər olduğunu bildirdi.