Yeni sazişin praktik necə həyata keçiriləcəyi də sual altındadır. Birincisi, Ukraynanın böyük yeraltı resurslara malik olması barədə səhih məlumat yoxdur. İkincisi, Ukraynanın əsas yeraltı resursları işğal altındakı ərazilərdədir, bu halda ABŞ-la Ukrayna həmin resursları necə istismar edəcəklər? Üçüncüsü, resursların istismarı üçün müharibə ya başa çatmalı, ya da uzun müddətli atəşkəs elan edilməlidir. Rusiya isə istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır.
Buna baxmayaraq, yeni razılaşmanın Ukrayna üçün müsbət tərəfləri də var. Bu saziş ABŞ-ın Ukraynanın işğal edilməyən ərazisinə təhlükəsizlik təminatı verməsi anlamına gəlir. Çünki, ABŞ bundan sonra Ukraynanın yeraltı resurslarını öz resursları kimi qorumalıdır. Bundan başqa Tramp sazişdən çıxış edərək Ukraynaya hərbi yardımı davam etdirmək məcburiyyətindədir. Kiyevə elə bu lazımdır ki, Vaşinqton Ukraynaya hərbi yardımı dayandırmasın.
Top Rusiyanın meydanındadır. Bundan sonra Tramp Zelenskiyə deyil, Rusiya Prezidenti Vladimir Putinə təzyiq etməlidir. Çünki, müharibə dayanmadan ABŞ şirkətlərinin Ukraynada çalışması çətindir. Ancaq müharibə bitmədən ABŞ-ın bir neçə şirkəti Ukrayna ərazisində fəaliyyətə başlayarsa, bu dəfə Putinin işi çətinləşəcək. Çünki, Rusiya Ukraynadakı hədəflərini vurarkən, raketlərdən hər hansı biri ABŞ-ın çalışmağa başladığı məntəqəyə dəyərsə, Moskva artıq qarşısında ABŞ-ın görəcək.