“Block” (əvvəlki adı ilə “Square”) ABŞ mənşəli bir “fintech” (maliyyə texnologiyaları) şirkətidir. Şirkət 2009-cu ildə Cek Dorsi (“Twitter”in həmtəsisçisi) və Cim MakKelvi tərəfindən təsis olunub. 2021-ci ilin dekabr ayında “Square” adını dəyişərək “Block” olub. Bu dəyişiklik onun yalnız ödəniş platforması olmaqdan çıxaraq daha geniş sahələrə yönəlməsini əks etdirib.
“Block” müxtəlif məşhur məhsul və platformalara sahibdir:
1. “Square” – Kiçik bizneslər üçün ödəniş emal platforması.
2. “Cash App” – Şəxslərarası ödəniş və şəxsi maliyyə idarəetmə tətbiqidir. Bank xidmətləri, səhm ticarəti və “Bitcoin” alqı-satqısı təklif edir. “Block”un ən sürətlə böyüyən bölmələrindən biridir.
3. “Afterpay” – “İndi al, sonra ödə” (BNPL) xidməti, əsasən Avstraliya, ABŞ və Avropada fəaliyyət göstərir.
4. “Tidal” – Musiqi yayım platformasıdır.
5. “Spiral”– Əvvəlki adı ilə “Square Crypto”, açıq mənbəli “Bitcoin” inkişafına yönəlmiş bir bölmədir.
Şirkətin səhminin düşmə səbəbləri ümumi gəlirin və illik mənfəətin gözləntilərin altında qalması, xalis mənfəətin isə azalması göstərilir. Belə ki,
1. Ümumi gəlir – 5.77 milyard dollar olub, proqnoz 6.19 milyard idi.
2. Ümumi mənfəət illik 9 faiz artaraq 2.29 milyard olub, amma bu da 2.32 milyardlıq gözləntiyə çatmayıb.
3. Xalis mənfəət 59 faiz azalıb və 189.9 milyon dollar olub.
Hazırda bir səhmin qiyməti 44 dollardır. Amma bu il üçün hədəf qiymət proqnozu 80 dollar idi.