Əslində bu məlumat həm də regionlarda turizmin strateji inkişafı istiqamətləri baxımdan da siqnallar verir. Belə ki, xaricilərin ikinci ən çox üstünlük verdiyi yaşayış məntəqəsi Qusar rayonudur. Bu da birbaşa həmin bölgəmizdə qış turizminin inkişafı ilə bağlıdır.
Xaricilər üçün ilk üçlüyü Naftalan tamamlayır. Bu də həmin şəhərimizdə sağlamlıq turizminin təmərkəzlüşməsi ilə bağlıdır. Deməli, regionlarda ənənəvi mövsümi turizm ilə yanaşı və əslində daha çox yeni turizm məhsullarına ehtiyac var. Turistlər üçün cəlbedici olan qış, sağlamlıq turizm ilə yanaşı, tarixi, dini və mədəni turizmin də inkişafı vacibdir.
Bütün bunlar ilə yanaşı, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.
Bu ilin birinci rübü ilə bağlı digər diqqəti çəkən statistika gecələmələrin ümumi sayında ölkə strukturunun dəyişdirilməsidir. Belə ki, gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Hindistanlı turistlər ümumi gecələmlərin hər beşindən birini formalaşdırıblar.