Aprelin 18-də Diyarbəkirin Lice rayonu polis idarəsi tərəfindən ələ keçirilən 20 ton narkotik maddə açıq sahədə yandırılaraq məhv edilib. Lakin bu məhvetmə prosesi 25 min əhalisi olan rayonu sanki tüstü altında qoyub. Xüsusilə uşaqların təsirləndiyi bildirilsə də, əhali kəskin qoxu və sağlamlıq problemlərindən şikayətlənir.
Məhv edilmiş narkotiklər kisələrdə məhv edilən əraziyə gətirilib, yerə “Lite” sözü formasında düzülərək yandırılıb. Dəqiqələrlə davam edən yanma prosesində rayonun səmasını qatı tüstü bürüyüb.
***
Adını açıqlamaq istəməyən rayon sakini, “Günlərdir ki, rayonu narkotik qoxusu bürüyüb. Pəncərələrimizi aça bilmirik. Uşaqlarımız xəstədir, davamlı olaraq xəstəxanaya gedirik. Bu küllər şəhərdən kənarda aparılmalıdır”, – dedi.
***
Bu məhvetmə üsulunu tənqid edən Yeşil Yıldız Dərnəyi Başçısı Yəhya Öğər, “Şəhərin mərkəzində hind çətənəsini yandırmaq peşəkarlıqdan uzaqdır. Tüstü ciddi narahatlıq, sərxoşluq, başgicəllənmə, ürək bulanması və hətta hallüsinasiyaya səbəb ola bilər”, – deyib.
“Narkotiklər süzgəcli bacalı fabriklərdə və ya şəhərdən kənar ərazilərdə yandırılmalıdır. Sağlamlıq və təhlükəsizlik baxımından bu üsul daha məqsədəuyğun olardı”, – Ögər deyib.
Dərnəklərinə hələlik rəsmi şikayət daxil olmadığını, ancaq vəziyyətin ciddiliyini mətbuatdan və ictimaiyyətdən öyrəndiklərini bildirən Ögər, maarifləndirmə təlimi keçirməyə hazır olduqlarını bildirdi: “Polis, jandarma və məktəblərdə təlim keçirmək üçün dəvət gözləyirik”.