Yeni papanın seçiləcəyi konklav üçün geri sayım başlayıb. Mayın 7-də başlanacaq gizli səsvermədə Sikstin kapellasına qoyulan baca qərarın əlaməti olacaq.
Seçkilərin nəticələri bu baca vasitəsilə xarici dünyaya çatdırılacaq. Seçkilər mayın 7-də başlayacaq. Katolik dünyasının 1,4 milyard üzvünü təmsil edən kardinallar kolleci bu gizli toplantıda yeni lideri seçəcək.
Sikstin kapellasının 15-ci əsrə aid kirəmitli damına quraşdırılmış pas rəngli boru Mikelancelonun məşhur freskalarının yerləşdiyi strukturun üstündə uzanır.
Tüstü sistemi Müqəddəs Pyotr meydanından aydın görünür. Seçki dönəmində minlərlə insan meydana toplaşaraq bacadan işarələrin çıxmasını gözləyəcək.
Qara tüstü hələ heç bir qərar verilmədiyini, ağ tüstü isə yeni papanın seçildiyini göstərəcək.
Aprelin 21-də vəfat edən Papa Fransisk 2013-cü ildə Amerika qitəsindən seçilən ilk Papa olmuşdu.
Yeni Papanın seçilməsi üçün keçiriləcək iclasda 133 kardinalın iştirakı gözlənilir. İştirakçıların təxminən 80 faizi Fransisin təyin etdiyi şəxslərdir.
Son iki konklav 2005 və 2013-cü illərdə baş tutub və hər ikisi ikinci günün sonunda yekunlaşıb.