ABŞ prezidenti Donald Tramp cümə günü Harvard Universitetinin vergidən azad edilməsini ləğv etməyi planlaşdırdığını açıqlayıb. Tramp sosial media platformasındakı paylaşımında “Biz Harvardın vergidən azad edilməsini aradan qaldıracağıq. Onların layiq olduqları budur”, – yazıb.
O, bu qərarın nə vaxt icra olunacağı ilə bağlı heç bir tarix açıqlamayıb. Trampın bəyanatı ilə bağlı Harvard Universitetindən heç bir cavab verilməyib.
Universitetin rəsmiləri prezidentin mesajından sonra mətbuat mənsublarının suallarını cavablandırmayıb. Trampın bu addımı elit universitetlərə qarşı daha geniş təzyiq siyasətinin bir hissəsi kimi qiymətləndirilir. Tramp yanvar ayında vəzifəyə başlayandan bəri bir çox aparıcı Amerika universitetlərinə qarşı sərt addımlar atıb.
O, federal fondları dondurdu, tələbə vizalarını ləğv etdi və bir sıra araşdırmalara başladı. Bu siyasətlərə haqq qazandırmaq üçün o, ali təhsildə antisemit, anti-amerikan, marksist və “radikal solçu” ideologiyaların üstünlük təşkil etdiyini iddia edirdi.
Harvard Tramp administrasiyasına qarşı iddia qaldırıb. ABŞ tədqiqat maliyyəsinin kəsilməsinə və digər təzyiqlərə qarşı hüquqi fəaliyyətə başlayıb.
Universitet həmçinin Trampın ali təhsil siyasətinə etiraz edən 200-dən çox universitet və kollec prezidentinin birgə bəyanatına qoşulub. Bu gərginlik Trampla ölkənin aparıcı təhsil müəssisələri arasında münaqişəni daha da dərinləşdirib.