Bu, ABŞ prezidenti vəzifəsinin icrasına başladıqdan az sonra Ukraynaya bütün hərbi yardımı dayandırdıqdan sonra ilk dəfədir ki, Kiyevə avadanlıq göndərilməsinə icazə verir.
Lakin satışın baş tutması üçün Konqres tərəfindən təsdiqlənməlidir. Hərbi texnika paketində hansı silahların olduğu barədə məlumat paylaşılmayıb.
“The Guardian” xəbərdə qeyd edir ki, hərbi texnikanın göndərilməsinə dair addım iki ölkə arasında mədən sazişindən sonra baş verib. Bildirilir ki, bu razılaşma sayəsində Vaşinqton yenidən Kiyevə silah göndərməyə başlaya bilər.
Uzun sürən danışıqlardan sonra dünən ABŞ və Ukrayna nadir torpaq elementlərinin istifadəsini ehtiva edən “iqtisadi tərəfdaşlıq” sazişinin imzalandığını elan etdilər. Razılaşmaya əsasən, ABŞ bu günə qədər verdiyi hərbi və maliyyə dəstəyi müqabilində Ukraynanın təbii ehtiyatlarına çıxış əldə edəcək. Bundan əlavə, “ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu” yaradılacaq.
Seçki kampaniyası zamanı Ukrayna müharibəsini bir gündə bitirmək vədi ilə gündəmə gələn Tramp dünən verdiyi açıqlamada Kiyevlə razılaşmanın təhlükəsizlik zəmanəti verəcəyini və Rusiyanı bloklaya biləcəyini bildirib.
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak bildirib ki, saziş Amerikanın yeni silahlarının, o cümlədən hava hücumundan müdafiə sistemlərinin tədarükünə zəmanət verir. Podolyak bəyan edib ki, onların xərcləri ümumi fonda yatırılacaq və bütün investisiya gəlirləri ən azı 2034-cü ilə qədər Ukrayna üçün istifadə olunacaq.
Ukrayna prezidenti Vladimir Zelenski keçən ay Amerika istehsalı olan Patriot raketlərini almaq üçün 30-50 milyard dollar sərmayə qoymağı planlaşdırdıqlarını açıqlamışdı.
Digər tərəfdən, ABŞ və Ukrayna arasında mədən razılaşması üçün diplomatik trafik həyata keçirilərkən, Rusiya prezidenti Vladimir Putin nadir torpaq elementləri sahəsində ABŞ ilə birlikdə işləməyə hazır olduqlarını bildirib. Vəzifəyə gəldikdən sonra Kremllə yaxın münasibətdə olan Trampın Ukrayna ilə iqtisadi ortaqlıq müqaviləsi və Kiyevə silah satma qərarı ilə bu siyasətə necə təsir edəcəyi hələlik bəlli deyil.