Dövlət Departamentinin sözçüsü Tammi Bryus verdiyi açıqlamada, “Suriyada dürzi icmasına yönəlmiş son zorakılıq və qızışdırıcı ritorika qınanır və qəbuledilməzdir”, – deyib.
“Keçid hakimiyyət orqanları döyüşləri dayandırmalı, mülki şəxslərə qarşı zorakılıq və pis rəftar edənləri öz hərəkətlərinə görə məsuliyyətə cəlb etməli və bütün suriyalıların təhlükəsizliyini təmin etməlidir”.
Suriya dürzi icmasının ən mühüm ruhani lideri hesab edilən Şeyx Hikmət əl-Hicri son iki gündə Dəməşq yaxınlığındakı Ceramana və Səhnəyə bölgələrində baş verənləri “mülki əhalinin evlərinə qarşı ədalətsiz soyqırım hücumu” kimi qiymətləndirib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, aprelin 28-i gecədən Suriyada məzhəblərarası toqquşmalar gedir. Bu toqquşmalarda 100-dən çox adam, o cümlədən dürzi silahlıları, təhlükəsizlik qüvvələri, hökumətyönlü döyüşçülər və mülki şəxslər həlak olub.
ABŞ dünən amerikalı rəsmilərin iki gün əvvəl Nyu-Yorkda Suriyanın xarici işlər naziri Əsəd Əl-Şabani ilə görüşdüyünü təsdiqləyib.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton Suriyanın keçid hakimiyyəti orqanlarını məzhəb zorakılığını dayandırmaq üçün tədbirlər görməyə çağırıb.
Məlumata görə, Şeybani keçən cümə günü Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında yeni Suriya bayrağını qaldıraraq yeni dövrün başladığını elan edib.
Bryus deyib ki, ABŞ rəsmiləri çərşənbə axşamı Nyu-Yorkda Suriya nümayəndə heyəti ilə görüşüblər.
O, həmçinin qeyd edib ki, ABŞ prezident Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətə gələn keçid hakimiyyətini sabitliyi gücləndirəcək siyasət seçməyə çağırıb.